Hazırda milyonlarla insanlar acınacaqlı vəziyyətdə yaşayır. Bu yöndə çalışmaq lazımdır, fəaliyyət planı və strateji sənədin hazırlanmasına ehtiyac var.
NUHÇIXAN xəbər verir ki, bu barədə Böyük Britaniyanın IFLA (Beynəlxalq Landşaft Memarları Federasiyası) nümayəndəsi Ketrin Mur Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Habitat Peşəkarları Forumu brifinq - Habitat Peşəkarları Forumu fəlakətdən sonra transformativ bərpa üçün yeni qlobal çərçivəni təqdim edir” mövzusunda keçirilən brifinqdə çıxışı deyib.
O qeyd edib ki, təhlükəli dünyada təhlükəsiz yaşayış təmin etmək lazımdır.
“Bunun üçün qlobal struktur 700 milyard dollar vəsait tələb edir. Hazırda milyonlarla insanlar yaşayış yerlərini təbii fəlakətlər nəticəsində itirir. Bu fəlakətlər də təkrar olunduqda bir çox inkişaf planlarına yenidən baxılmasına zərurət yaradır. Biz yeni bir yaşanılacaq dünya qurmağa qadirik. Bizim planlarımız bunun üzərində qurulmalıdır. Biz binaların sayından çox möhkəmliyinə diqqət yetirməliyik və gələcəkdə binalar iqlim dəyişikliyinə davamlı olmalıdır”, - deyə Ketrin Mur əlavə edib.
