Sahibkar qadın badam bağı salır

A- A A+

Bu gün muxtar respublikada ailə təsərrüfatlarına göstərilən dövlət qayğısının nəticəsində artıq bu sahədə böyük irəliləyişlərə nail olunub. Şahbuz rayonunda da ixtisaslaşmış 80-ə yaxın ailə təsərrüfatları mövcuddur. Göstərilən dövlət qayğısı və rayonun təbii iqlim şəraiti ailə təsərrüfatlarının sayının günbəgün artmasına səbəb olur. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması və bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi təsərrüfat sahiblərinin marağını daha da artırıb. Rayonda bu sahə ilə məşğul olan qadınların da rolu az deyil.  Rayonun kəndlərində çox sayda qadın sahibkar kimi fəaliyyət göstərir və qazandıqları uğurlarla nümunədirlər.

Şahbuzkənd kənd sakini Rəfiqə Məmiyeva da ailə təsərrüfatını qurmağı bacaran fəal qadınlardandır.  O, artıq 10 ilə yaxındır ki, bu sahə ilə məşğuldur. Bu ildən isə Rəfiqə xanım ailə təsərrüfatını daha da genişləndirməyiplanlaşdırır. Rəfiqə Məmiyeva öz ailə üzvləri ilə birlikdə 0,5 hektar sahədə yeni badam bağı salmağa başlayıb. Yeni salınan bağda 400 badam tingi əkib. Bağın suvarılması üçün də tədbirlər görülüb. Rayon İcra Hakimiyyəti tərəfindən tinglərin yerinin qazılması üçün Rəfiqə Məmiyevaya texnika cəhətdən köməklik göstərilib.

Rəfiqə xanım  deyir ki, bu gün güzəranımızın yaxşı olması üçün hər bir zəhmət adamına lazımi qədər diqqət və qayğı göstərilir. “Mən də 10 ilə yaxındır ki, bu sahədə təcrübə toplamışam. Ötən illər ərzində istər toxum, gübrə, istərsə də texnika, suvarma suyu sarıdan heç bir çətinliklə qarşılaşmamışam. Bu da əkməyə, becərməyə olan marağımı artırıb, bu sahədə uğur qazanmışam. İnsan elədir ki, həm arzuları bitib-tükənmək bilmir, həm də arzusunun reallaşması üçün dəstək, qayğı hiss edəndə həvəsi birə-beş artır, məqsədinə çatmaq istəyir. Bağıma yüksək səviyyədə qulluq etmək üçün kəndimizdə uzun  illərin  təcrübəsinə sahib olan ailə təsərrüfatı sahibləri ilə söhbət edib, onların məsləhətlərini almışam. Həmsöhbət olduğum ailə təsərrüfatı sahibləri xüsusi olaraq vurğuladılar ki, yeni meyvə bağları salarkən aqrotexniki qaydalara mütləq əməl etmək lazımdır. Həmçinin yeni bağlar salınarkən torpaq analizləri mütləq aparılaraq torpağın qida ehtiyatı müəyyənləşdirilməlidir. Bağlarda aqrotexniki qaydalara ardıcıllıqla əməl olunmaqla daha yaxşı nəticə əldə etmək olar. 

Mən həmişə düşünmüşəm ki, əkilən ağaclara, salınan yaşıllıqlara o meyardan baxmaq olmaz ki, ondan mütləq məhsul əldə edilsin. Yaşıllığın çoxluğu təbiəti zənginləşdirməkdir, estetik zövqümüzə müsbət təsir edən amildir.

Buna görə də əkilən hər bir tingə ilboyu qayğı göstərəcəyəm ki, onlar qollu-budaqlı ağac olaraq yaşadığım kəndin təbiət gözəlinə çevrilsinlər. Ümid edirəm ki, bir neçə ildən sonra kəndimizə yolu düşən hər kəs bağımın gözəlliyindən danışacaq, səliqə ilə düzülən ağaclarımın barından dadıb, bir sağ ol kəlməsini məndən əsirgəməyəcək. Bu, elə mənim üçün ən böyük sevincdir”,- deyə həmsöhbətimiz bildirir.

 

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: