Əhmədbəy Ağaoğlunun pedaqoji ideyaları

A- A A+

Əhməd bəy Ağaoğlu XX əsrin mürəkkəb beynəlxalq ziddiyyətlər konteksində formalaşmış milli intibah ideyasının görkəmli nümayəndəsi , Azərbaycanda maarifçiliyin, ədəbiyyatın, dövlətçilik düşüncəsinin formalaşmasında böyük rol oynayan şəxsiyyətlərdən biridir. Əhməd Ağaoğlu ictimai xadim, jurnalist, pedaqoq və yazıçı kimi tarixə düşüb. O,əsərlərində milli qurtuluşa gedən yolun  cəmiyyətin mədəni inkişafında və təhsilindən keçdiyini bildirirdi.

Əhmədbəy Ağaoğlu Şərq mənəvi dəyərləri ilə çağdaş Avropa dəyərlərini öz mütəfəkkir düşüncəsində və əsərlərində uğurlu şəkildə sintez edib,  Avropa, Rusiya və Şərq mədəniyyətləri kontekstində yetişən, zamanın siyasi həyatına təsir etmək imkanlarına malik şəxsiyyət idi.Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır. Əhməd bəy Ağaoğlu hüquqi bilgilərə sahib ilk azərbaycanlı olub və bununla oranın ictimai-siyasi mühitinə təsir imkanları qazanıb. Fransada Şərq aləmini yaxşı bilən filosoflarla, alimlərlə "Quran” və İslam mədəniyyəti ilə bağlı mübahisələri, hətta münaqişələri olub. Ona görə də ona təklif edirdilər ki, "sənin çox böyük qafan var, qal burada, fəaliyyət göstər, məmləkətinə getmə, əgər getsən, qaranlığın içərisində itib-batarsan”.

Əhməd bəy Ağaoğlu şərqşünasların qurultayında iştirak etmişdi. 1894-cü ildə Tiflis, sonra isə 1896-cı ildə Şuşa gimnaziyasında fransiz dilindən dərs deyərək el arasında “Firəng Əhməd” ləqəbini alır. Əhməd bəy Şuşada ilk dəfə qiraətxana-kitabxana açır.O, H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, məktəbdə fransız dili müəllimi işləməklə yanaşı “''Kaspi” qəzetinin baş redaktoru olur. Həmçinin Əli bəy Hüseynzadə ilə “Həyat” qəzetinə redaktorluq edir.

  Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi.1901-ci ildə çapdan çıxan "İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları 17 il sonra reallığa çevrilir. 1918-ci ildə Şərqdəqurulmuş ilk demokratik cumhuriyyət - Azərbaycan Demokratik Cumhuriyyətində o dövr nəinki Şərqin, hətta Qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə baş verir - Azərbaycan qadınları seçkilərdə səsvermə hüququ qazanır. Bununla da Əhməd bəyin ideyaları gerçəkləşir.  

1904-cü ildə "Bir xanım" imzası ilə "Şərqi-Rus"a göndərilən məktubda müəllif Qurandakı "ən-Nisa" surəsinin 31-ci ayəsinin məzmununu "nəfsi haramdan pak saxlayıb pis niyyətlərdən və murdar fikirlərdən uzaq və təmiz olmaq" kimi mülahizə edib, yazırdı: "Zahiri baxmaq, ya baxmamaq şərt deyil. Şərt batili təmiz saxlamaqdır. Allah taala dünyanı yaradıb, onu özünün gözəl və xoş məxluqatilə bəzəyib və zinətləndiribdir”. Gözəl səhralar və çəmənlər, könül xoşlandıran güllər və çiçəklər, qəlbi şad edən mənzərələr, böyük meşələr, uca dağlar, əqli heyran edən dənizlər və sular, qisim-qisim heyvanlar və quşlar, göyün üzündə həddən ziyadə yıldızlar yaradıb. Heç bir məxluqatın üzərinə pərdə çəkməyibdir… həmçinin Adəm övladına Allah taala əmr etməyibdir ki, onun gözəl məxluquna baxmaqdan gözlərini yumsunlar..."

Əhməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan «Üç mədəniyyət» traktatı 1920-ci ildə Maltada sürgündə ikən yazılmış, lakin ilk dəfə 1927-ci ildə İstanbulda çap olunmuşdur. Əsər ədibin dünyagörüşünün konseptual tərəflərini öyrənmək baxımından onun bütün digər tədqiqatlarından daha çox material verir. Dünya sivilizasiyasının Budda-Brəhmən, Qərb, yaxud Avropa və İslam kimi üçnəhəng mədəniyyət şaxələrinə söykəndiyini xarakterizə edən müəllif onların müştərək və fərqli məqamlarını açıqlayır.

 

 

Həsən Hüseynov

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: