Aprel ayının 10-15-dən başlayaraq əhalinin böyük əksəriyyətinin çöldə,arxac yerlərində,çürüntü ilə zəngin olan göl, torpaq kanal kənarında, təpələrdə əlində bıçaq nə isə axtardıqlarının şahidi olarıq. Axtardıqları isə el arasında “dombalan” kimi tanınan göbələk növüdür. O, alçaq dağlıq, Araz sahili zonalarında bitir. Yerin altında inkişaf etdiyi üçün toplanması çətindir. Amma yetkin göbələklər torpağın azacıq qabardıb çatladır. Çox zaman çubuqla döyəcləməklə yerini təyin edirlər. Bunun üçün quru və qabıqlı iydə və ya tut ağacından istifadə edilir. Çubuq tryufel-dombalan göbələyi olan yerə dəydikdə səs dəyişilir.
Təpəliklərdə ən çox kolların (yovşan, cəngiz) dibində olduğu üçün yeri şişirtməsi az hiss olunur, rəngi sarı, boz, qara olduğu üçün torpaqdan az seçilir. Bəziləri iddia edirlər ki,tryufelin xüsusi bitkisi var və onu həmin bitkinin bitdiyi yerdə axtarmaq lazımdır. Bunun elmi əsası olmadığı kimi, çöl müşahidələrində də təsdiqini görmədik.El arasında bir də deyirlər ki, dombalan -tryufel göbələyi yeddi ildən bir olar. Bu göbələyin Naxçıvan bazarlarında hər il satılması bu fikrin də yanlış olduğunu təsdiq edir.Ancaq elmi ədəbiyyatda belə bir qeyd vardır ki, dombalanın toxumları münbit şərait olmadıqda yeddi il cücərmədən qala bilir.O ,vaxtında yığılmadıqda çürüyür, sarımsaq kimi “diş”lərə ayrılıb toxuma çevrilir.
Görkəmi kartofa oxşayan tryufel göbələyinin qızartması çox dadlı olur.Bəzən qovurma ilə, bəzən xırda doğranmış ətlə (ciyərlə) qızardılır. Bəzən isə qızardılmış göbələyin üzərinə yumurta vurulur. O, dadlı qida məhsulu olmaqla yanaşı, şəkərli diabet üçün çox təsirli dərman hesab edilir. Dərman kimi onu qızartmaq, çiy halda yemək olar və yaxud şirəsini çıxarıb gündə bir neçə dəfə içirlər.Babalarımız bu göbələk növünü uzun müddət saxlamaq üçün isti quma basdırıb qurudarmışlar. Bu halda keyfiyyətini itirmədən 10 ilə qədər saxlamaq mümkündür. Sarı rəngli tryufel göbələyinin nazik qabığı olur ki, bişirən zaman bıçaqla qaşınır. Göbələyin qara rənginə isə az rast gəlinir.Qabığı nisbətən sərt və qabarcıqlıdır.
Yazın gəlişi ilə Naxçıvan mətbəxini zənginləşdirən qiymətli qida məhsullarından olan tryufel-dombalan göbələyi növündən asılı olaraq ölkəmizdən kənarda kiloqramı hətta bir neçə min dollara satıldığı qeyd edilir. Bu da onun insan orqanizminə olan faydasından xəbər verir.
Zaleh NOVRUZOV