Gül çiçəyi, gözəl təbiəti, mavi səması, ilıq nəfəsi ilə elimizə yaz gəlib.Yazın gəlişi ilə dağ-dərələr, düzlər yaşıl don geyinir, göy çəmənləri çiçəklər, bulaqların, arxların başını yarpızlar bəzəyir, ağaclar ağ örpəyə bürünür. Bahar insanı təbiət qoynuna səsləyir. Səhərin erkən saatlarından dağlara, yaşıl düzlərə üz tutan insanlar təbiətin bitirdiyi nemətlərdən – cacıq, qazayağı, çiriş, göbələk, şomu, yarpız, quşəppəyi yığırlar. İndi yaz fəslinin kəndlərimizdə ayrı bir gözəlliyi var. İş-güc çox olsa da kənd sakinləri üçün bu, heç də çətin deyil. Əkinçi bol məhsul ümidi ilə sahəyə çıxır, yeni bağlar salınır, əkin-səpin işləri aparılır.
Təbiətin oyanışı, yaşıl zəmilərin boy verməsi, quşların xoş avazı könül oxşayır. El aşıqları sazı sinəsinə basıb yazın min bir gözəlliyini öyür. Ana təbiətin ən gözəl və ən kövrək qızı olan çiçəklər təravəti, rəngarəngliyi ilə təbiətin gözəlliyinə xüsusi bəzək bəxş edir. Zövqümüzü oxşayan, baxdıqca baxmaq istədiyimiz güllərin rəngləri yaşıl otların arasında son dərəcə heyrətamiz və sevimli mənzərə yaradır. Ağ qamətli boymadərən, bənövşə, utancaq zəng çiçəyi, lalələrin görüntüsü insanı valeh edir. Əshabi–Kəhf, Nəhəcir dağlarının əzəmətini, sinəsində bitirdiyi min cür naz-nemətləri seyr edərkən ustad Aşıq Ələsgərin “Dağlar” şeirindən gözəl bir bənd yada düşür.
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən aralı dağlar.
Bahar rəssamın duyğu və düşüncələrini ifadə etmək üçün gözəl bir kompozisiyadan ibarət sənət əsəridir sanki. Baharın gözəllikləri rəssamın da qəlbindən keçərək kətan üzərinə həkk olunur. Ətri ilə insanı bihuş edən bahar ilıq nəfəsi ilə dağların qarını, dərələrin buzunu əridir, çayların, bulaqların suyu çoxalır.
Həzin mehin yüngülcə dalğalandırdığı çiçəklər, otlar naz satan gözəllərə bənzəyir sanki. Yazda təmiz, sərin havanı sinə dolusu ciyərlərimizə çəkəndə yamyaşıl otların üzərində gəzib, ətirli çiçəklərdən dərəndə təbiətin nə qədər ecazkar və gözəl olduğunu bir daha duyuruq. Qoy, yaz günəşi daha möhkəm şığısın, dərələri ağ köpüklü çayların səsi bürüsün, yaz yağışları təbiəti cana versin..
Türkanə ƏMOYEVA
Jurnalist
“Şərqin səhəri” qəzeti