Qafqaz dağlarının San-Fransiskosu yaxud da Qafqazın İsveçrəsi

A- A A+

Tarixən müxtəlif adlarla adlandırılan (Cahanın naxışı, Nuhun şəhəri, Şərqin qapısı) Naxçıvan xarici qonaqların dili ilə bu dəfə də “Qafqaz dağlarının San-Fransiskosu” və “Qafqazın İsveçrəsi” adlandırıldı. Bunu Naxçıvanda olmuş Amerikalı jurnalist Mark Hey və İsveçrəli jurnalist Nikoletta Herman xarici mətbuatda Naxçıvanla bağlı dərc etdirdiyi məqalələrində yazmışdı. (“Naxçıvan dünya mətbuatında” kitabı. Səf. 23;38) 

Qədimlik

Qədim diyar Naxçıvan dünyanı su basandan sonra yaranmış sivilzasiyanın beşiyi sayılır. Çünki rəvayətə görə, Nuhun gəmisinin səfəri məhz Gəmiqayanın zirvəsində başa çatıb, Nuh peyğəmbər quruya çıxıb və bu şəhərin təməli onun tərəfindən qoyulub. Bütün bunlar 5000 il bundan əvvəl baş verib. Nuh peyğəmbərin məzar üstü türbəsi, 1200-dən çox tarixi abidə, üzərində qədim insanların çəkdiyi rəsmlər-piktoqrafik yazılar  həkk olunmuş qaya parçaları daha neçə-neçə minilliklərin uyuduğu daş-qayalar bu torpağın tarixidir.

Tarixin reallığı

Hələ tarixin dərin qatlarından üzərində bir neçə türk dövlətinin qurulmasına şahidlik edən Naxçıvan çətin və ağır sınaqlarlada üzləşib. Bir zamanlar blokadanın çətinliklərində sıxılan, enerji təhlükəsi ilə üz-üzə qalan Şərqin qapısı bu gün öz qapılarını qərbədə, şimalada, cənubada açıb. Bu gün beynəlxalq arenada da Azərbaycana bağlı olan və blokada şəraitində yaşayan Naxçıvan kimi tanınır. Bu diyar  Nuh peyğəmbərə qucaq açıb, ilk rəssamı min illər öncə Gəmiqayada əsər yaradıb.

Sabitlik

Bu gün beynəlxalq aləmdə tanınan Naxçıvan özünün sabitlik və intibah dövrünü yaşayır. Bu sabitliyi bizə bəxş edənlər isə Naxçıvanda daşı-daş üstünə qoyub diyarımızı dünyaya tanıdan və ucaldanlardır. Son illər dünya mətbuatında Naxçıvan haqqında yazılan yazılara, məqalələrə fikir versək müəlliflər bu qədim diyarı dünyanın qabaqcıl, inkişaf etmiş regionlarına bənzədirlər. Səbəbi isə bəllidir. Çünki biz artıq Naxçıvanı elə bir inkişaf mərhələsinə yüksəldə bilmişik ki, bu gün muxtar respublika regionda söz sahibidir. Muxtar Respublikada istehsal olunan məhsulların xaricə çıxış imkanı əldə etməsi, Avropa ölkələrində keçirilən müsabiqələrdə Naxçıvan məhsullarının qızıl medallara layiq görülməsi, Avropa ölkələrinin Naxçıvana marağı, hər il minlərlə xarici turistin diyarımıza gəlməsi, diplomatların, ölkə səfirlərinin Naxçıvanı dəyərləndirməsi sabitliyin, güclü iqtisadiyyatın və ən əsası muxtariyyətin bəhrələridir.

Avropadan görünən Naxçıvan

Bəli, əslində bu gün Naxçıvan dünyanın bütün qütblərindən görünür. Dünya xəritəsində kiçik bir nöqtə boyda olsada, gördüyü işlərlə, çəkilən əziyyət və yaradılan firəvanlıqla Şərqin və Qərbin mərkəzindədir. 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı olaraq bütün islam ölkələrini özünə qonaq edən Naxçıvan ötən il xeyli uğurlarla yadda qaldı. Ötən il Naxçıvanda keçirilən “Avropa Günləri” əslində Avropanın muxtar respublikanı daha yaxından tanıması üçün bir addım oldu. Muxtar respublikanın iqtisadiyyatı, turizmi, təhsili ilə bağlı edilən işgüzar təkliflər, əməkdaşlıq cəhdləri Naxçıvanın artıq bu istiqamətdə inkişafının Avropa standartlarına uyğun, bəlkə də bəzi sahələrdə bir qədər onları ötüb keçdiyini göstərdi.  "Naxçıvan yalnız danışmır, həm də iş görür. Naxçıvan alternativ enerji mənbələrinə görə bəzi Avropa ölkələri üçün də nümunə ola bilər". Bu sözləri Belçikanın Azərbaycandakı səfiri Bert Skufs deyib. Təmizlik, insanların mehribanlığı, ekoloji tarazlıq, yaşıllıq sahələrinin artırılması və nələr-nələr... Bunları da avropalılar dedi. Bu fikirləri, rəyləri eşitmək həm xoş, həm də qürurvericidir. Çünki dünyanın böyük gücə malik, hərtərəfli inkişaf və tərəqqi modeli ilə nümunə olan  ölkələrinin  təmsilçilərini indiki zamanda  heyrətləndirmək və özünə cəlb etmək çətindir. Amma müasir Naxçıvan və bu Naxçıvanı 5000 illik tarixi köklərinin üzərində yenidən quranların zəhməti bunu bacardı.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kastitus Yankauskas artıq bir neçə dəfə Naxçıvanda səfərdə olub. Turizm, iqtisadi-sosial layihələrin həyata keçirlməsində iştirak edib. Gələcəkdə bu cür əlaqələr davam etdiriləcək. Bu isə onu göstərir ki, Naxçıvan artıq Avropa şirkətləri üçün etibarlı bir tərəfdaşdır.   Bəs bu inkişafın və etibarın arxasında nə dayanır? Təbii ki, bir zaman iqtisadi blokadaya salındığı üçün əziyyətlə, çətinliklə hər gün üz-üzə qalan Naxçıvanın bu günə qədər keçdiyi şərəfli inkişaf yolu. Bu yolun düzgün istiqamətini əbədi olaraq düzgün təyin edən ümummilli liderimiz Heydər Əliyev və onun ən yüksək səviyyədə davam etdirilən siyasəti və siyasi kursunun davamçıları bu gün Naxçıvanı dünya səviyyəsində tanınan, etibar edilən və nümunə göstərilən bir muxtar respublikaya çeviriblər.  Bu gün Naxçıvan o dərəcədə inkişaf edib ki, Avropanın təmsilçiləri öz ölkələrindən Naxçıvana yox, məhz Naxçıvandan Avropaya baxırlar.

Əlbəttə, bu gün geniş küçələr, abad parklar, müxtəlif istehsal sahələri, iqtisadi göstəricilər, enerji idxal edən bir məkandan enerji ixracatçısına çevrilən muxtar respublikanın uğurları  ilə bağlı danışmaq nə qədər asan və qürurvericidir. Amma dünyanı heyrətə gətirən bu tərəqqinin hansı zəhmət, qətiyyət və iradə  hesabına ərsəyə gəldiyini  hamımız yaxşı bilirik.

Mövzu ilə bağlı araşdırmalar edərkən "Şərq qapısı" qəzetinin 13 fevral 1993-cü il sayında “Balta yaman moddadır” başlıqlı yazıya rast gəldim. O həmin baltalar idi ki, insanların qışı bir təhər yola salmaları üçün Naxçıvanda bütün ağaclara, yaşıllıqlara qənim kəsilmişdi. O dövrün camaatını da qınamaq olmur. Nə etmək olardı? Kömür yox, neft yox, qaz yox.  İnsanlar soyuqdan donmamaq üçün çarpışır, mübarizə aparırdı.

Bu məqaləni oxuyandan sonra yaxın olan bu tarixə inanmağım gəlmədi. Axı digər 23 yaşlı  həmyaşıdlarım kimi mənim də bu çağlar demək  olar ki yadıma  gəlmir. Biz 2000-ci illərin uşaqları, yeniyetmələri  və 2010-cu illərin gəncləriyik. Gözümüzü açıb yaşadığımız kəndlərdə, təhsil aldığımız Naxçıvan şəhərində  quruculuq, abadlıq, yenidənqurma, tərəqqi işlərinin gedişini görmüşük. Bu illər ərzində Naxçıvanda aparılan iqtisadi islahatlar, yeni yaşam mühiti, müasirləşməni görən gənc nəsil üçün 1990-cı illərin çətinliyi ancaq bu cür tarixi yazılarda qalan bir keçmişdir. Bu günsə tamam başqadır.

Bu günün gerçəkliyi

“Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Biz naxçıvanlıları bu gün daha da xoşbəxt edən əslində Naxçıvandan başlanan xilaskarlıq yolunun banisi ulu öndərimiz Heydər Əliyevin bu arzularının gerçəkləşməsidir. Bu günün  Naxçıvanı bütün sahələrdə Avropanın güc sahibi olan ölkələri ilə əməkdaşlıq edir. İndi artıq Avropa Naxçıvana maraq göstərir, onunla iqtisadi layihələrdə əməkdaşlıq edir. 1990-cı illərdə enerji qıtlığı girdabında çətinlik çəkən Naxçıvan bu gün- 21-ci əsrdə  Avropa üçün potensial alternativ enerji mənbəyinə malik zəngin bir diyara çevrilib. Qürurverici haldır ki, artıq blokada şəraitində yaşamasına baxmayaraq, öz daxili tələbatını tam ödəyən Naxçıvanla  Avropanın özü enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa hazır olduğunu bildirir.

Bu gün Naxçıvanın malik olduğu elektrik enerji ehtiyatlarına nəzər salaq:

2006-cı ildən başlayaraq Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunda 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib. Ötən aylarda isə Kəngərli rayonun Qabıllı kəndində 2 meqavat gücündə daha bir Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Naxçıvanı enerji bolluğu ilə təmin edir. Əgər əvvəllər muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 10-a yaxındır. Alternativ və bərpaolunan enerji növləri istehsalının daha da artırılması məqsədilə hazırda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Naxçıvanda alternativ enerji mənbələrinin bol olması enerji istehlakına yeni düşüncə ilə yeni yanaşma tərzini formalaşdırdı. Günəş elektrik stansiyası, su elektrik stansiyaları ilə yanaşı külək enerjisindən istifadə ilə bağlı da layihələrin gerçəkləşdirilməsi üçün işlər gedir. Bu faktlar müasir Naxçıvanın gücü, onun iqtisadiyyatının bir göstəricisidir. Bunlara nail olmağın yolu isə görülən hər işə inam, göstərilən diqqət, qayğı və doğma münasibətdən keçir.

Görülən işlərlə, yaradılan şəraitlə, özü də heç bir bəzək-düzəksiz və öz milli dəyərlərinə, tarixi köklərinə söykənərək min illər boyu qazandığı hər şeyi ortaya qoya bilir Naxçıvan. Bu gün istər turizm sahəsi, istər iqtisadi gücü, istərsədə insan amilinə verilən dəyəri ilə “Dünyanın naxışı”, “Şərqin qərbə açılan qapısı” statusunu daşımağa layiqdir. Bu bir həqiqətdir ki, muxtariyyətinin 95 ili ərzində heç vaxt indiki qədər inkişafa, uğurlara, nailiyyətlərə imza atmayıb!

Güclənən və çiçəklənən Naxçıvan Muxtariyyətin mübarək!!!

Mətin Abbaslı

Naxçıvan Televiziyasının əməkdaşı

Yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: