(Naxçıvan dəftərindən)
Siz də şəhərlərin nəfəsini dinləyirsinizmi, əsas da gecələr...
***
Elə şəhərlər var, onun gecəsi var, gecə canlılığı var, gecə işıqlılığı, gecə coşğunluğu var, amma gecə nəfəsi yoxdur... Bəzi şəhərlər yatmır, bəzi şəhərlər nəfəsini dərmir...
Bəzi şəhərlər gözünü yumub özünü düşünmür...
Ruhu yoxdur... Yuxusu yoxdur...
Hekayəsi yoxdur bəzi şəhərlərin.
Mən sakitliyini duymadığım, gizli, dərinlərdə gizlənmiş ruhunu hiss edə, gecə nəfəsini dinləyə bilmədiyim şəhərlərdə yaşaya bilmərəm...
Məni qoruduğuna inanmadığım şəhərlər heç zaman mənim şəhərlərim ola bilmədi...
***
...Bəzi axşamlarda, bəzi gecələrdə uzun zaman dayanıb yaşadığım şəhərin nəfəsini dinləyirəm... Bəzən küçəyə çıxıb küçə lampalarının sehrli sarımtıl işığında ağaclara baxıram. Tanımadığım pəncərələrə nəzər salıram uzaqdan. Ara-sıra keçib gedən maşın təkərlərinin asfaltdakı qıcırtısına diqqət kəsilirəm...
Bəzən ay işığında, bəzən yağış altında, bəzən günəş şəfəqlərinə açıram gözümü – Bəzən şəhərin ürək döyüntülərini pəncərəmin o üzündə hiss edirəm, bəzən o döyüntülərin içindən pəncərəmə boylanıram... O döyüntülərə boylana- boylana şəhərin gündüzlərinin axşamların yuxusuna yollanmasını gözləyirəm...
“Dünyanın ən gözəl pəncərəsi mənim pəncərəmdir”- deyirəm... Gözlərimi bir yumub, bir açıram – hər şey bir yazılmamış hekayədə olduğu kimidir...
İnsanlara baxıram... Keçib-gedən insanlara, evinə, işinə, adamına, arzusuna... tələsən insanlara.
Görəsən, onlar bu şəhərin yuxulu nəfəsini dinləyirlərmi? Pəncərə qarşısında dayanıb səssizliyi udum-udum içirlərmi su kimi...
Bu səssizlik içində, nəfəsi duyulan şəhəri bəbəklərindəki işığa hopdurub səhəri çiçəklərə, ağaclara, İnsanlara – Tanrıya gülümsəyə bilirlərmi?
***
Keçmişlərdə küləyin şəklini çəkmək istəyən bir fotoqraf dostum vardı...
Bəzən, şəkillərimi çəkdikcə, sonra onlara baxdıqca əslində nəyi tutub saxlamaq, əbədiləşdirmək istədiyimi anlayıram.
Bu şəhərin ruhunu...
Bu şəhərin gecə nəfəsini...
Sanki onu, görməyənlərə göstərmək, duymayanlara duydurmaq istəyirəm...
Yox. mənim onu gizlətmək fikrim yoxdur, onu daha çox tanısınlar istəyirəm...
Hər yerdə bir udum təmiz nəfəs, səssiz bir dinclik, dərin bir ruh axtaran insanları şəhərin ruhuyla, bu şəhərin gecə nəfəsiylə tanış etmək istəyirəm...
***
Soruşurlar -Bu nə həvəs?..
Bu, həvəs deyil,-deyirəm,- bu, sevgidir...
Gülümsəyirəm...
Gözümü yumub şəhərin gecə nəfəsini içimə çəkirəm...
Yaşam, gecə nəfəsini dinləyə bildiyim şəhərin ürəyindən keçib ürəyimə süzülür...
Hər təbəssüm, hər toxunuş, hər pıçıltı bir əlçim ağ duaya çevrilib gözlərimə qayıdır...
Nəfəsini dinləyə bildiyim şəhər mənim qəlbimin dincliyini qoruyur... Mənim yazılmamış hekayəmi yazır... Duman –duman yuxusuyla pəncərəmin qarşısındakı ağacın üstünə enir...
Mən səni sevirəm -pıçıldayıram şəhərin nəfəsinə...
Məni eşidir...
Hədiyyə Şəfaqət
yazıçı