Məşhur diplomatın qeydlərində Naxçıvan 

A- A A+

Xalqımızın tarixi üçün əhəmiyyətli olan bir sıra mühüm məqamların göstərilməsi, eləcə də gənc nəsildə vətənpərvərliyin, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən yaradıcılıq nümunəsi olması nəzərə alınaraq “A.S.Qriboyedov: şair-diplomat” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na əlavə edilib.Politoloq Reyhan Mirzəzadənin yazdığı “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” əsərində məşhur diplomatın Naxçıvanla bağlı son dərəcə əhəmiyyətli qeydləri yer alır.

İstər siyasi, istər coğrafi və mənəvi bir çox mövzunu özündə əks etdirən bu bioqrafik əsər o dövrlərdə yaşayan diplomatın gözü ilə Naxçıvana baxmağımıza kömək edir. Əsərdə ölkəmizin bir çox şəhərlərində olan rusiyalı şair-diplomatın 1819-cu ildə Naxçıvanla tanış olması,burada qalması, onun yazılarında Naxçıvan, Qazançı,Culfa, Sədərək kimi şəhər və kəndlərin adlarının çəkilməsi,Naxçıvanla bağlı qeydləri, xatirələrindən bəhs olunur.

Qriboyedov iş səyahətləri ilə bağlı bir çox ölkələri gəzmiş, getdiyi yerlərdən maraqlı məlumatları öz dəftərinə qeyd edib.  Xüsusilə, Şimali və Cənubi Azərbaycanda olarkən yazılarında Təbriz, Naxçıvan, Şuşa, Qazançı,Sədərək kimi şəhər və kəndlərin adını çəkməklə qalmayıb,orada baş verən hadisələri qısa və əhəmiyyətli izahlarla qeydlərində əbədiləşdirib.

Həmin dövrdə diplomatik fəaliyyət göstərən görkəmli rus yazıçısı Qriboyedovun yazılarında Rusiya tərəfindən edilən işğal ərəfəsində Naxçıvan xanlığı haqqında da çox qiymətli məlumatlara təsadüf edilir.1819-cu ilin sentyabrında İrandan qayıdan Qriboyedov əsir düşmüş rus əsgərlərini müşayiət edirdi.Təbrizdən yola düşən dəstə 6 gün sonra Naxçıvana çatır.O, qeydlərində yazır:“Biz dağlara qalxdıq, birneçə saatlıq yoldan sonra zənnimcə, dörd yarım fərsəng keçib, məşhur İlan qayaları yanına çatdıq.Biz burada Qazançı adlanan kəndə qalxdıq”.

Qriboyedov işləri ilə əlaqədar Şimali və Cənubi Azərbaycanın bir çox şəhərlərində olurdu. 1827-ci ildə isə bir aydan çox Naxçıvanda qalmalı olur. 22 iyun gecəsində Sədərəkdə gecələyir. Naxçıvanın yerləşdiyi zonadan danışan Qriboyedov qeyd edir ki, Naxçıvanın özü də uzun bir təpəlik üzərində yerləşir ki, bu da Qarabağ dağlarının davamıdır.

Naxçıvanla bağlı digər bir qeydində isə 26 iyun 1827-ci ildə diplomatın Naxçıvanı seyri və bu əsrarəngiz diyarın onda doğurduğu maraqlı təəssüratlar yer alır: “Naxçıvan vadisinin geniş sahəsi nəzəri cəlb edir, şimal-şərq istiqamətində Qarabağ mənzərələri füsunkar təbii cizgilərlə insanı valeh edir. Sonra İlandağ (Haçadağ) və Arazın o tayında ona bənzər iki dağ görünür, nəhayət, qərb tərəfdə Ağrı ucalır”.Bu sətirləri oxuyarkən insanın ruhu sanki, bu trayektoriya ilə səyahət edir..

Reyhan Mirzəzadə yazır:“İlanlı dağ (Haçadağ) Qriboyedovun yazılarında müxtəlif cür qeyd olunur: Pompey qayası, İlanlı qaya və sair. Görünür, bu dağın xalq arasında yayılmış və rəsmi sənədlərdə qeyd olunan müxtəlif adları, məsələn,“İlan dağ”, “İnan dağ”, “Əylən dağ” adları Qriboyedova məlum imiş.

Qeyd edək ki, Qriboyedovun “İrəvan yürüşü” adlı gündəliyində də Naxçıvanla bağlı xeyli qeydlər yer alır.Görünür, Naxçıvan diplomat-yazıçının daim diqqətində olub.Araşdırmalar göstərir ki, Qriboyedovla yaxın dost olan V.Qriqoryevin də o vaxtlar Qafqazın mərkəzi sayılan Tiflisə ezam edilməsinin əsas səbəbi Naxçıvan əyalətinin iqtisadi-statistik təsirinə aid kitabın yazılması olub. Çünki Tiflisdə A.Bestujev-Marlinski və A.Qriboyedovla görüşəndə məlumat verir ki, ona belə bir kitab yazmaq tapşırılıb. A.Qriboyedov ona məsləhətlər verir və uğurlar arzulayır. Hətta onu öz toyuna da dəvət edir.Sonralar V.Qriqoryev Tiflisdə A.Çarçavadzenin qızı Nina ilə A.S.Qriboyedovun toy şənliyində iştirak edir.1830-cu ildə “Vətən oğulları” jurnalında yazdığı xatirələrdə bu görüş haqda məlumat verib. Naxçıvan haqqında tədqiqatlarının yer aldığı “Naxçıvan əyalətinin statistik təsviri” əsəri də çox qiymətli mənbədir. Maraqlı odurki, lirik şair və xəzinə məmuru olan Vasili Qriqoryev“Naxçıvan əyalətinin statistik təsviri” kitabı ilə əbədi olaraq Naxçıvan tarixinə öz adını yazıb.

Naxçıvan bir çox rəssamın, səyyahın və yazıçının əsərlərində öz füsunkarlığı ilə göz oxşasa da, tədqiqatçıların və diplomatların qeydlərində tamamilə başqa bir libasa bürünür. Bu qeydlərin əhəmiyyəti və dəqiqliyi tarixdə və günümüzdə Naxçıvanla bağlı söylənilən bir çox mənfur iddianı da çürüdüb bir ovuc külə döndərir. Kitabdan oxuyuruq ki, Qriboyedov fəaliyyəti dövründə Azərbaycan ərazilərinə ermənilərin köçürülməsinin qəti əleyhinə olub.Bununla bağlı nəşrdə diplomatın 1828-ci ilin oktyabrında Culfa şəhərində yazdığı məktub xüsusilə diqqəti cəlb edir.Qafqazın ali baş komandanı,general Paskeviçə ünvanlanan məktub işğalçı ermənilərin Cənubi Qafqazın əzəli sakinləri olmaları yönümündəki sayıqlamalarına ən tutarlı cavablardan biridir. Qriboyedov həmin məktubunda yazır: “Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi düşünülməmiş bir siyasətdir. Çünki rus hökumətinin belə bir köçə razılıq verməsi Naxçıvanda köklü və yerli əhalinin haqlı etirazına səbəb olur.. Bu köçəcən Naxçıvanda çox az miqdarda – barmaqla sayılacaq qədər erməni yaşayıb”.

Bacarıqlı diplomat olan Qriboyedov ermənilərin xislətinə dərindən bələd olduğu üçün rus imperatoruna yazırdı: “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlarki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar və “bura bizim qədim dədə-baba torpağımızdır”,– deyəcəklər.


Akademik İsmayıl Hacıyevin “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti” məqaləsində oxuyuruq:Köçkün axını başlanan kimi heç bir qanuni əsas olmadan erməniləri Naxçıvanda və Qarabağda xan, bəy torpaqlarında yerləşdirməyə başladılar.Qriboyedov bununla bağlı yazırdı: “Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq üçün mövcud ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişik.Lakin Qarabağ və Naxçıvanda çar hökuməti tərəfindən elə bir siyasət yeridildi ki, öz başlarının hayına qalan xalq ermənilərin orada məskunlaşmasını unutmalı oldu”.

Məqalənin “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri” adlı fəslində bu qeydləri oxuyuruq: “Ermənilərin Azərbaycan torpaqlarına,o cümlədən, Naxçıvana köçürülməsi ermənilərin kütləvi köçürülməsinədək Cənubi Qafqazda əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Ermənilərin isə bu torpaqlara A.Qriboyedovun təbirincə desək, “ilk dəfə buraxıldıqlarını” o dövrə dair bütün tarixi qaynaqlar yekdilliklə təsdiqləyir”.

Kitabda Qriboyedovun Abbasqulu ağa Bakıxanovla olan dostluğundan və İranda qətlindən də bəhs olunur.Onun cənazəsi Naxçıvandan keçib Tiflisə yola salınıb.Naxçıvan həmişə müsafirlərini böyük  qonaqpərvərliklə qarşılamış və yola salmışdır.Ancaq bu matəm mərasiminin təşkili qədim Naxçıvanın zəngin tarixində xüsusi və unudulmaz bir səhifəyə çevrilmişdi. 1 may günü bütün şəhər matəmə bürünmüşdü, əhali bu səlahiyyətli səfiri qarşılamağa axışmışdı. Ona hərbi ehtiram göstərilir və “Əbədi xatirə” duası oxunur, bundan sonra cənazə ehtiyatla Naxçıvanda xüsusi olaraq A.S.Qriboyedov üçün sevgi ilə düzəldilmiş yeni tabuta qoyulur. “Dəfnə doğru marş” əmri verildikdən sonra qəmgin musiqi sədaları altında cənazə yola düşür.Hər zaman qonaqpərvərliyi ilə seçilən əhali bu böyük şəxsi ehtiramla yola salır.


Naxçıvanla bağlı tarixi məqamların ortaya çıxarılması və geniş auditoriyaya çatdırılması baxımından muxtar respublika rəhbərinin təşəbbüsü ilə çap olunan bu nəşr qədim diyarın tarixinin, zəngin keçmişinin, həqiqətlərinin tutarlı faktlarla öyrənilməsinə dəyərli töhfədir.

Nərgiz İsmayılova,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
“Şərqin səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: