UN-Habitat-da biz tez-tez deyirik ki, iqlim uğrunda mübarizə şəhərlərdə qazanılacaq və ya uduzulacaq. Amma bu mübarizə həm də şəhərlər tikilməzdən, genişləndirilməzdən, yenilənməzdən və ya maliyyələşdirilməzdən əvvəl qəbul etdiyimiz qərarların keyfiyyəti ilə müəyyən olunacaq.
NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi” adlı tədbirdə çıxış edərkən deyib.
O bu aspektdə Strateji Ekoloji Qiymətləndirmənin vacib olduğunu vurğulayıb: “Çünki bu mexanizm hökumətlərə, şəhərlərə və tərəfdaşlara ətraf mühit, sosial və iqtisadi məsələləri siyasət, planlaşdırma və qərar qəbuletmənin ən erkən mərhələlərindən inteqrasiya etməyə imkan verir. Bu yanaşma ətraf mühitə təsirlərə sonradan reaksiya verməkdən daha çox, risklərin qarşısını əvvəlcədən almağa və başlanğıcdan daha yaxşı seçimlər formalaşdırmağa kömək edir. Şəhərsalma baxımından bu xüsusilə vacibdir. Çünki şəhərlər hazırda eyni vaxtda bir çox prioritetlə məşğuldur: mənzil, mobillik, enerji, torpaq istifadəsi, yaşıl və ictimai məkanlar, tullantıların idarəolunması, su, biomüxtəliflik və digər sahələr. Bütün bu sistemlər bir-biri ilə sıx bağlıdır. Strateji Ekoloji Qiymətləndirmə isə bu əlaqələri nəzərə alan strukturlaşdırılmış və iştirakçı yanaşma təqdim edir və daha dayanıqlı, daha inklüziv və iqlimə davamlı qərarların qəbulunu dəstəkləyir”.
