2030-cu ilə gedən yolun yarısına çatdığımız bu dövrdə xatırlayırıq ki, qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) hədəflərinin 83 faizi hələ də yerinə yetirilməmiş qalır.
NUHÇIXAN xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib.
DİM-lərin şəhərsalma və siyasət formalaşdırılmasına inteqrasiyasının artıq seçim deyil, zərurət olduğunu diqqətə çatdıran H.Hüseynov fikirlərinə belə davam edib: "Azərbaycan dörd Könüllü Milli Hesabat təqdim edib, 50-dən çox dövlət proqramı və strategiyasını DİM hədəfləri ilə uyğunlaşdırıb, eyni zamanda, milli səviyyədə institusional koordinasiya mexanizmləri yaradıb. Bu gün Azərbaycan 193 BMT-yə üzv dövlət arasında dörd Könüllü Milli Hesabat təqdim edən ilk 10 ölkə sırasındadır və bu, qlobal dayanıqlı inkişaf gündəliyinə sadiqliyin və məsuliyyətin göstəricisidir".
