Müasir dövrdə urbanizasiya prosesinin sürətlənməsi, iqlim dəyişmələri və ekoloji problemlər dövlətləri daha dayanıqlı və uzunmüddətli yanaşmalar tətbiq etməyə sövq edir. İqlim dəyişmələrinin nəticələri dünyanın hər yerində hiss olunur: quraqlıqlar, su qıtlığı, ekstremal təbiət hadisələri - meşə yanğınları, daşqınlar, dəniz səviyyəsinin qalxması, daxili su hövzələrinin azalması, buzlaqların əriməsi, eləcə də torpaqların deqradasiyası və biomüxtəlifliyin itirilməsi bu təsirlərin ən bariz nümunələridir. Şəhərlərimiz də bu hadisələrin təsirinə məruz qalır. Artıq şəhərlərin inkişafı və məskunlaşmanın təmin edilməsi yalnız iqtisadi göstəricilərlə deyil, həm də ətraf mühitin qorunması, sosial rifah və iqlim dayanıqlılığı prinsipləri nəzərə alınmaqla planlaşdırılmalıdır.
NUHÇIXAN xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib.
Nazir bildirib ki, indiki və gələcək nəsillərin tələbatını ödəmək üçün yaşıl texnologiyaların tətbiqi, enerjidən səmərəli istifadə, habelə dairəvi iqtisadiyyata və rəqəmsal idarəetməyə keçid zəruridir: “Şəhərlərimizin gələcəyi torpaqların və digər təbii resursların istifadəsi, infrastruktur, yaşayış sahələri ilə bağlı verilən strateji qərarlardan, plan və proqramlardan birbaşa asılıdır”.
Rəşad İsmayılov “Azərbaycan 2030: Milli Prioritetlər” sənədində yaşıl artımın iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini xatırladıb: “Yüksəkkeyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının yaradılması əsas 5 hədəfdən biridir. Bu baxımdan yaşıl iqtisadiyyatın əsas komponenti olan Strateji Ekoloji Qiymətləndirmənin planlamada tətbiqi mühüm ekoloji idarəetmə alətidir.
Strateji Ekoloji Qiymətləndirmə “Dayanıqlı şəhərlər və icmalar” və “İqlim fəaliyyətləri” kimi Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edən hədəflərimizin, eləcə də iqlim öhdəliklərimizin icrasının planlaşdırma mərhələsində izlənməsinə imkan verir".
