Uqandada qadınlar torpaq və mənzil hüquqları ilə bağlı məlumat və hüquqi dəstəyə çıxış baxımından ciddi problemlərlə üzləşirlər.
NUHÇIXAN xəbər verir ki, bu fikri Uqandada Mənzil və Məskunlaşma Alternativləri təşkilatının icraçı direktoru Doroti Bazive Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda dəyirmi masada səsləndirib.
O bildirib ki, Uqandada qadınların torpaq hüquqları ilə bağlı problemləri sistemli xarakter daşıyır və bu sahədə müxtəlif qurumlar arasında əməkdaşlıq vacibdir.
Doroti Bazive qeyd edib ki, təşkilat tərəfindən icmalarda hüquqi məlumatlandırma proqramları həyata keçirilir.
“Qadınlar məlumat və hüquqi dəstək çatışmazlığı səbəbindən mənzil maliyyələşdirilməsinə çıxışda çətinlik çəkirlər”, - deyə o vurğulayıb.
İcraçı direktor əlavə edib ki, Uqandada torpaqların böyük hissəsi ənənəvi mülkiyyət sistemi əsasında idarə olunur və patriarxal yanaşma səbəbindən qadınlar çox zaman torpaq sənədlərində yer almırlar.
