Naxçıvan FHN tələbələr üçün maarifləndirici tədbir keçirib - FOTOLAR
NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan Tibb Kollecində tələbələr üçün maarifləndirici tədbir keçirilib.
Məqsəd gənclərin fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi, ilkin xilasetmə tədbirləri və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib.
FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar ətraflı cavablandırılıb.
Tədbirin praktiki hissəsində şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən siniflərdən tələblərin təxliyəsi həyata keçirilib, “zərəçəkmişlər”ə ilkin tibbi və psixoloji yardım göstərilib.
Yanğınsöndürənlər tərəfindən “yanğınla mübarizə” tədbirlərinə başlanılaraq çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və “xilasetmə” əməliyyatları yerinə yetirilib.
Tədbir uğurla başa çatıb, qarşıya qoyulan məqsədlərə nail olunub.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsi əhalinin, xüsusilə gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinə və təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verir.