Qurd xəstəliklərinə qarşı profilaktiki tədbirlər keçirilir

A- A A+

Muxtar respublikanın ibtidai məktəb şagirdləri arasında qurd xəstəlikləri infeksiyasını minimuma endirmək üçün helmintozlara qarşı mübarizə tədbiri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, növbəti belə tədbir Kəngərli rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təşkil edilib. Rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində azyaşlılarda parazitlərin qarşısının alınması məqsədi ilə “Mebendazol” adlı qurd əleyhinə dərman preparatı paylanılıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tapşırığı ilə bu  dərman preparatının paylanması məktəblərin tibb məntəqələri və Gigiyena Epidemiologiya Mərkəzi həkimlərinin nəzarəti altında həyata keçirilib.

Dərmanlar paylanan zaman məktəblərdə maarifləndici tədbirlər də təşkil edilib. Mərkəzin  direktoru Coşqun Babayev qurd xəstəlikləri və onların yarada biləcəkləri fəsadlar haqqında məlumat verib. Bildirib ki, bu infeksiya 5-14 yaş uşaqlar arasında müşahidə olunur və vaxtlı-vaxtında müalicə olunmadığı təqdirdə bir sıra problem, o cümlədən boyatma göstəricisinə, mənimsəmə qabiliyyətinə və azqidalanmaya, dizenteriya və anemiya kimi xəstəliklərə gətirib çıxara bilər.

Əgər uşaqda və ya ailənin digər üzvündə bu qurd aşkar olunubsa, bütün ailə üzvləri müalicə olunmalıdır. Bundan əlavə evdə olan bütün səthlər yaxşı təmizlənməli və istifadə edilən suya hər hansı gigiyenik vasitə əlavə edilməlidir. Yataq ağları və bütün ailə üzvlərinin alt paltarları qaynanmalı və iki tərəfdən qaynar ütü ilə ütülənməlidir.

Uşaqlar üçün tam zərərsiz olan “Mebendazol” dərman preparatının əsasən ilkin və iki həftə sonra təkrar mərhələdə qəbul olunması nəzərdə tutulur. Rayon ərazisində bu sahədə aparılan tədbirlərin nəticəsi olaraq qurd xəstəlikləri infeksiyasının mövcudluğu minimuma ensə də  profilaktika davam edir. İlin ilk rübündə 400-dək azyaşlı uşaq müayinədən keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: