Bu gün muxtar respublikada arxiv işi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahəyə göstərilən hərtərəfli qayğının nəticəsidir ki, arxiv işi günün tələbləri səviyyəsində qurulub.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində komitə arxivinin, şəhər və rayon idarələrinin əməkdaşları üçün “Arxiv işinin təşkilinin əsasları” mövzusunda keçirilən qısamüddətli təlimdə səsləndirilib.
Əvvəlcə komitənin sədri Müslüm Cabbarzadə çıxış edərək arxiv işinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktor müavini Zakir Hacıyev çıxışında bildirib ki, muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilir, arxiv sənədlərinin qorunması və saxlanması istiqamətində ardıcıl tədbirlər görülür. Bunun nəticəsində muxtar respublikada arxiv işi tam formalaşdırılıb, bu sahənin maddi-texniki bazası möhkəmləndirilib, zəngin arxiv fondları yaradılıb. Bu şərait arxiv fondlarında saxlanılan yüz minlərlə sənədin etibarlı şəkildə mühafizə olunmasına imkan verir.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ümumi işlər və təsərrüfat şöbəsinin müdiri Tural Cəfərovun, Arxiv işi üzrə xidməti vəzifələr və informasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.