Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, cari ilin əvvəlindən ölkə üzrə vahid seçicilər siyahısının tərtibi və dəqiqləşdirilməsi prosesinə başlanılıb.
NUHÇIXAN xəbər verir ki, təxminən beş ay davam edən əhatəli prosesin ardından 2026-cı il üzrə daimi seçici siyahılarının hazırlanmasına yekun vurulub.
Seçki qanunvericiliyində müəyyən olunur ki, daimi seçici siyahıları hər ilin əvvəlindən etibarən müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə qurumu başçıları və hərbi hissə komandirləri tərəfindən təqdim edilən məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunduqdan sonra Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Bu istiqamətdə atılan zəruri addımların ardınca seçici siyahıları mayın 30-dək müvafiq seçki komissiyaları tərəfindən təsdiqlənməli və dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilməklə ictimailəşdirilməlidir. Builki proses də Seçki Məcəlləsinin sözügedən tələblərinə tam uyğun şəkildə həyata keçirilib.
2026-cı il üzrə siyahıların tərtibi və dəqiqləşdirilməsinə aşağı seçki komissiyalarının 38 mindən artıq üzvü cəlb olunub. Eyni zamanda, bütün proses boyunca Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin aidiyyəti orqanları, yerli icra strukturları və bələdiyyələrlə sıx əməkdaşlıq edilib. Bu müddətdə MSK-nın “115” çağrı mərkəzi və rəsmi internet səhifəsindəki onlayn müraciət imkanı da fasiləsiz olaraq seçicilərin istifadəsində olub.
Ənənəvi olaraq bu il də seçici siyahılarının hazırlanması və dəqiqləşdirilməsi zamanı informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən, həmçinin texniki baxımdan daha da təkmilləşdirilmiş xüsusi proqram təminatlarından geniş istifadə edilib. Bu isə prosesin bütövlükdə daha operativ və effektiv aparılmasına, seçici siyahılarının yüksək standartlara uyğun hazırlanaraq çap edilməsinə mühüm töhfə verib.
Mayın 26-da Mərkəzi Seçki Komissiyasının üzvləri media nümayəndələrinin iştirakı ilə Komissiyanın inzibati binasında yenidən tərtib edilmiş vahid seçici siyahılarına baxış keçirib, həmçinin siyahıların hazırlanması və saxlanılması prosesi ilə tanış olublar. Bildirilib ki, seçici siyahılarının yenidən tərtibi, yoxlanılması və dəqiqləşdirilməsi zamanı fasiləsiz onlayn rejimdə fəaliyyət göstərən dövlət avtomatlaşdırılmış informasiya sisteminin imkanlarından geniş istifadə edilib. “Seçkilər” informasiya şəbəkəsi vasitəsilə həyata keçirilən interaktiv ani məlumat mübadiləsi seçici siyahıları ilə bağlı işlərin operativliyini artırıb. Bununla yanaşı, seçicilərin məlumatlarının orfoqrafik yoxlanılması, təkrar və oxşar məlumatların təhlili, mövcud nöqsanların aradan qaldırılması, eləcə də siyahıların keyfiyyətli hazırlanması və çapı təmin olunub.
Daha sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib. İclasda 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiqi və ictimailəşdirilməsi məsələsinə baxılıb. Müzakirələr zamanı informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmasının seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin daha da təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına mühüm təsir göstərdiyi xüsusi vurğulanıb.
İclasda ilin əvvəlindən may ayının sonunadək həyata keçirilən genişmiqyaslı fəaliyyət barədə ətraflı məlumat verilib. MSK sədri Məzahir Pənahov dəqiqləşdirmə prosesinə yaxından köməklik göstərən Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.
Komissiyanın qərarı ilə 2026-cı ilin daimi seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsi işi başa çatmış hesab olunub. Siyahıların müvafiq seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilməsi, tərtib olunan seçici siyahılarının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və müddətdə təsdiqlənməsi işinin dairə seçki komissiyalarına həvalə edilməsi qərara alınıb. Həmçinin ölkə üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiqləndikdən sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsinə qərar verilib.
Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 332 min 229 seçici daxil edilib ki, onların da 47,6 faizi kişi, 52,4 faizi isə qadınlardır.
Media mənsubları tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin MSK-nın 2025-ci il oktyabrın 15-də və 2026-cı il aprelin 27-də keçirilmiş iclaslarının protokolları təsdiq olunub.
