Təmizlik aksiyası keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “22 aprel-Beynəlxalq Yer Günü” münasibəti ilə “Ağbulaq” İstirahət Mərkəzinin yolunun ətrafında və Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində təmizlik aksiyası keçirilib.
Tədbir başlamazdan əvvəl Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmmədov Canməmməd bu günlə bağlı məlumat verib. Bildirib ki, 22 aprel hər il dünyada “Beynəlxalq Yer Günü” kimi qeyd olunur. Yaranma tarixi XIX əsrin 40-cı illərinə təsadüf edən həmin günün qeyd olunmasında məqsəd ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır.
Hər il aprelin 22-də ölkəmizdə, eləcə də muxtar respublikamızda həmin günün mahiyyətini özündə əks etdirən tədbirlər təşkil edilir.
Aksiya çərçivəsində gənclər ətraf ərazini tullantılardan təmizləyiblər. Gənclər həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan quş yuvalarını Şahbuz Dövlət Təbiət Qoruğu ərazisindəki ağaclara bərkidiblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təçkilatçılığı ilə keçirilən tədbirdə 100 nəfər gənc iştirak edib.
Sonda “Ağbulaq” İstirahət Mərkəzində gənclər üçün çay süfrəsi təşkil olunub.
Beynəlxalq Yer Gününə həsr olunan təmizlik aksiyası muxtar respublikanın rayonlarında da həyata keçirilib. Şərur, Ordubad, Şahbuz və Sədərək rayonlarında gənclərin iştirakı ilə “Gənclər bağı”nda, Culfa rayonunda Gülüstan türbəsi ətrafında, Babək rayonunda Bayraq Meydanında, Kəngərli rayonunda Qarabağlar türbəsi ərtafında da bu cür tədbirlər təşkil olunub. Ətraf ərazilərdə təmizlik işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarma və budama işləri görülüb. Ümumilikdə muxtar respublikanın rayonlarında keçirilən aksiyalarda 250 nəfərə yaxın fəal gənc iştirak edib.