Şərur və Kəngərlidə gənclər hərbi xidmətə yola salınıblar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda keçirilən gənclərin hərbi xidmətə yolasalma mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi, mayor Həsən Məmmədov gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib. Qeyd edib ki, ölkə başçısının tapşırığına uyğun olaraq, bütün sahələrdə olduğu kimi, ordumuzda da ən son elmi-texniki yeniliklər tətbiq edilir. Hərbi mütəxəssislər hazırlanır, ordu quruculuğu inkişaf etdirilir. Vurğulanıb ki, ordumuzun aprel döyüşlərində, Günnüt əməliyyatında qazandığı qələbələrdə biz bir daha bunun şahidi olduq.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Ordusunun müasir inkişfından söhbət açıb, gəncləri təbrik edib, xidmətlərində uğurlar arzulayıblar.
Valideynlər adından sıxış edən Tofiq Qədimov övladının hərbi xidmətə yola salmasından qürur hissi keçirdiyini deyib.
Çağırışçılar adından danışan Musa Qənbərov bildirib ki, biz də xidməti borcumuzu layiqincə yerinə yetirəcək, torpaqlarımızı göz bəbəyimiz kimi qoruyacağıq.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsində keçirilən mərasimi şöbənin rəisi, polkovnik-leytenant Məftun Xəlilov açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər. Övladını hərbi xidmətə yola salan valideyn Fərman Quliyev bu günün qəlbində qürur hissi oyatdığını deyərək çağırışçı gənclərə arzularını çatdırıb. Çağırışçılar adından çıxış edən Murad Quliyev Vətənə xidmət etməyə yola düşdükləri üçün qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirib.
Turab Hacızadə