Uşaqların təhlükəsizliyi — ən güclü şifrəmizdir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ordubad şəhər tam orta internat məktəbində “Rəqəmsal Gələcək Uşaqlarla Başlayır” adlı sosial layihə həyata keçirilib.
Layihənin əsas məqsədi uşaqların sosial rifahına töhfə vermək, eyni zamanda rəqəmsal dünyada təhlükəsiz və məsuliyyətli davranmalarına dəstək olmaqdır.
Tədbir çərçivəsində 13–17 yaş qrupu uşaqlar üçün “Rəqəmsal dünyada uşaqların davranışı” mövzusunda interaktiv təlim keçirilib. Uşaqlara internet təhlükəsizliyi, sosial şəbəkələrdən düzgün istifadə və rəqəmsal mühitdə davranış qaydaları barədə məlumat verilib və sertifikatlar təqdim edilib.
Həmçinin, layihə çərçivəsində Nazirliyin əməkdaşları və “Rəqəmsal” könüllülər tərəfindən uşaqlar üçün üz boyama guşəsi, müxtəlif əyləncə və fəaliyyət zonaları təşkil olunub. Uşaqlar gün ərzində musiqili əyləncələr, komanda yarışları, estafet oyunları və interaktiv fəaliyyətlərdə iştirak edərək yaradıcı və sosial bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin sonunda hər bir uşağa onun adına hazırlanmış, üzərində layihənin şüarı əks olunan fərdi sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.