BÖYÜKLƏRİN UŞAQLAR QARŞISINDAKI VİCDAN HESABATI GÜNÜ!

A- A A+

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu gözəl gün qeyd olunur. Bu gün təkcə bayram, şənlik və hədiyyə günü deyil. Bu tarix həm də böyüklərin uşaqlar qarşısındakı vicdan hesabatıdır. Çünki hər bir uşağın taleyi cəmiyyətin mənəviyyatını, dövlətin gücünü və ailənin məsuliyyətini göstərən ən böyük göstəricidir. Uşaqların gələcəyi bizim bugünkü qərarlarımızdan başlayır və onlar gələcəyin sahibləri adlandırılır. Amma həqiqət budur ki, onların gələcəyi bugünkü münasibətimizdən formalaşır. Bir uşağın necə böyüməsi, hansı dəyərlərlə yetişməsi, özünü nə qədər təhlükəsiz və dəyərli hiss etməsi sabahın cəmiyyətini müəyyən edir. Bu səbəbdən uşaqların müdafiəsi yalnız hüquqi məsələ deyil bu, milli təhlükəsizlik, mənəviyyat və insanlıq məsələsidir.

Uşaq tərbiyəsi yalnız ailənin işi deyil. Uzun illərdir cəmiyyətimizdə belə bir fikir hökm sürür: “Uşağın tərbiyəsi ailənin məsuliyyətidir.” Şübhəsiz ki, ailə əsas sütundur. Amma uşağın inkişafına təsir edən tək mühit ev deyil. Məktəb, küçə, sosial media, televiziya, internet, dövlət siyasəti və ictimai münasibətlər də uşağın xarakterini formalaşdırır. Məktəb və müəllim uşaqların gələcəyinin formalaşmasında ən vacib amillərdəndir.

”Müəllim olmaq üçün sadəcə diplom deyil, pedaqoji bilik və insan yetişdirmək bacarığı lazımdır, təəssüf ki, bəzi məktəblərimizdə bu məsuliyyəti pedaqogikadan uzaq insanlar daşıyır”.

Bu gün bir çox valideyn övladına yaxşı gələcək qurmaq üçün gecə-gündüz çalışır. Lakin maddi təminat hər zaman sağlam uşaqlıq həyatı demək deyil. Uşaqların ən çox ehtiyac duyduğu şey diqqət, sevgi, eşidilmək və təhlükəsizlik hissidir. Təəssüf ki, müasir dövrdə texnologiya insanları bir-birinə yaxınlaşdırsa da, ailə daxilində ünsiyyəti zəiflədib. Eyni evdə yaşayan insanlar bəzən bir-birini eşitmir. Hərə telefonuyla bir küncə sığınıb ətrafdan və dünyadan qopurlar.

Bir uşağın “məni başa düşən yoxdur” hissi ilə böyüməsi gələcəkdə ciddi psixoloji problemlərin başlanğıcına çevrilə bilər. Bu gün uşaqları qorumaq əvvəlki dövrlərlə müqayisədə daha çətinləşib. Çünki təhlükələr artıq yalnız küçədə deyil. İnternetdə zorakılıq, kibertəzyiq, təhlükəli məzmunlar, sosial şəbəkələrin yaratdığı psixoloji asılılıq uşaqların həyatına səssiz şəkildə daxil olur. Bir çox hallarda valideynlər uşağın əlində telefon olmasını təhlükəsizlik hesab edir. Halbuki nəzarətsiz rəqəmsal mühit uşağın düşüncəsini, emosional vəziyyətini və davranışını dəyişə bilir. Uşaq yaşında aqressiya, depressiya, özgüvən çatışmazlığı və sosial təcrid halları dünyanın bir çox ölkəsində olduğu kimi bizim cəmiyyət üçün də ciddi siqnaldır.

Digər vacib problem isə uşaqların hüquqlarının yalnız kağız üzərində qorunmasıdır. Bəzən uşağın fikrinə qulaq asılmır, hissləri kiçildilir, onun şəxsiyyət kimi formalaşmasına mane olan təzyiqlər göstərilir. Halbuki hər bir uşaq fərddir və onun qorunmağa olduğu qədər istəyinə, fikrinin nəzərə alınmağına da haqqı var.

Uşağın müdafiəsi yalnız onu təhlükədən qorumaq deyil, həm də ona keyfiyyətli təhsil verməkdir. Ona görə ki, təhsil gələcəyə qoyulan ən böyük sərmayə, uşağın həyatını dəyişən ən güclü vasitədir. Amma təəssüf ki, bu gün dünyanın müxtəlif yerlərində olduğu kimi, bizim ölkədə də bütün uşaqlar eyni imkanlara sahib deyillər.

Bəzi uşaqlar müasir məktəblərdə texnologiya ilə təhsil aldıqları halda, digərləri isə hələ də elementar imkanlardan məhrum qalırlar. Bəzi ailələrin maddi çətinlik səbəbilə uşağın inkişafına yetərincə dəstək verə bilməməsi də ciddi sosial bərabərsizlik yaradır.

Ən təhlükəli məqam isə odur ki, bəzi uşaqlar öz arzularından çox tez imtina etməyə məcbur olur. Halbuki hər bir uşağın xəyal qurmaq haqqı var.

Əbəs yerə deyilmir ki, uşağa verilən dəyər cəmiyyətin səviyyəsini göstərir.

Bir ölkədə uşaqlar nə qədər təhlükəsizdirsə, o cəmiyyət bir o qədər sağlamdır. Uşağa qarşı zorakılığın, laqeydliyin və ayrı-seçkiliyin olduğu yerdə inkişafdan danışmaq çətindir.

Biz bəzən uşaqlardan böyük uğurlar gözləyirik, amma onların emosional dünyasını görməzdən gəlirik. Halbuki xoşbəxt uşaqlıq yaşamayan insanın gələcəkdə sağlam şəxsiyyətə çevrilməsi daha çətin olur.

Uşaqlar yalnız qiymətlərlə, diplomlarla və yarış nəticələri ilə ölçülməməlidir. Onların mərhəmətli, vicdanlı, yaradıcı və azad düşüncəli insan kimi yetişməsi daha vacibdir.

Uşaqların müdafiəsi ilə bağlı real dəyişiklik və gələcəkləri naminə ailədaxili münasibətlərin gücləndirilməsi, məktəblərdə psixoloji dəstək sisteminin genişləndirilməsi, uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı maarifləndirmənin artırılması, sosial bərabərsizliyin azaldılması, uşaqların təhsil səviyyələrinin artırılması kimi addımların atılması uşaqların xoşbəxt və təhlükəsiz gələcəyini təmin etmək üçün ən vacib şərtdir. Bu yanaşma bütövlükdə sağlam və güclü bir cəmiyyətin formalaşmasına zəmin yaradacaqdır.

Ən əsası isə uşaqlara “səni eşidirəm”, “sənə dəyər verirəm” mesajı verilərək, onlara hörmət və qayğı mədəniyyətini inkişaf etdirmək lazımdır.

1 İyun bizə bir həqiqəti xatırladır, uşaqları qorumaq gələcəyi qorumaqdır. Uşaqlar yalnız valideynlərin deyil, bütün cəmiyyətin məsuliyyətidir. Bu gün onlara necə münasibət göstəririksə, sabah elə bir dünya ilə qarşılaşacağıq.

Unutmamalıyıq ki, uşaqların ən böyük ehtiyacı bahalı oyuncaqlar deyil, təhlükəsiz mühit, sevgi, anlayış və ümiddir.

Çünki xoşbəxt uşaqlıq sağlam gələcəyin başlanğıcıdır.

Əlövsət HÜSEYNQULİYEV

AŞPA-nın üzvü statusuna malik Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: