Dövlət Sərhəd Xidməti (DSX) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən müxtəlif ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin DSX Akademiyasına ekskursiyası təşkil olunub.
DSX-nin mətbuat mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, tədbir iştirakçıları akademiyada xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarət edib, güllər düzüblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda formalaşdırılmasının vacibliyini vurğulayıb, dövlətçilik ənənələrinin qorunması, Vətənə xidmətin şərəfli missiya olması və gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs ediblər.
Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclərin milli ruhda, dövlətə və xalqa bağlı, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi yetişdirilməsidir.
Daha sonra akademiyanın kursantları tərəfindən milli musiqi alətlərinin müşayiəti ilə özfəaliyyət proqramı nümayiş etdirilib. Kursantların ifasında səsləndirilən vətənpərvərlik ruhlu musiqilər qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tədbir çərçivəsində Vətən Müharibəsi qəhrəmanları Elvin Səfərov və Anar Məmmədov məktəblilərlə görüşərək, tarixi Zəfərin qazanılmasında döyüş meydanında Azərbaycan sərhədçilərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq nümunələrindən və keçdikləri şərəfli döyüş yolundan ətraflı bəhs edib, gənclərə dövlətçilik ənənələrinə bağlılıq və milli ruhun qorunmasının əhəmiyyətinə dair tövsiyələr veriblər.
Tədbirin rəsmi hissəsindən sonra məktəblilər DSX-nin Akademiyasında kursantların təlim-tədris prosesi, yaşayış şəraiti və asudə vaxtlarının təşkili ilə yaxından tanış olub, onlarla birgə nahar ediblər.
Görüş zamanı şagirdlərə hərbi təhsil sistemi, sərhədçi peşəsinin məsuliyyəti və akademiyada yaradılan müasir şərait barədə ətraflı məlumat verilib.
