Müasir dünyada enerji artıq yalnız iqtisadi resurs deyil. Enerji təhlükəsizliyi, yaşıl keçid, nəqliyyat marşrutları və geosiyasi sabitlik məsələləri beynəlxalq münasibətlərin əsas istiqamətlərinə çevrilib. Belə bir dövrdə Bakı Enerji Həftəsi təkcə regionun deyil, dünyanın diqqət mərkəzində olan mühüm beynəlxalq platformalardan biri kimi çıxış edir. Azərbaycan artıq sadəcə enerji istehsalçısı deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasında, iqlim diplomatiyasında və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayan strateji tərəfdaşdır.
Bakı Enerji Həftəsinin tarixi Azərbaycanın müstəqillik tarixinin ən mühüm mərhələləri ilə sıx bağlıdır. 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi müstəqil Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiyasının başlanğıc nöqtələrindən biri oldu. Elə həmin il Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan “Əsrin müqaviləsi” ölkəmizin gələcək inkişafının təməlini qoydu. Sonrakı dövrdə yaradılan enerji infrastrukturu, həyata keçirilən beynəlxalq layihələr və qurulan tərəfdaşlıqlar Azərbaycanı dünyanın enerji xəritəsində mühüm mövqeyə çıxardı.
Bu gün Bakı Enerji Həftəsi özündə Bakı Enerji Forumunu, Xəzər Neft və Qaz Sərgisini və Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisini birləşdirərək regionun ən nüfuzlu enerji platformasına çevrilib. Burada yalnız enerji sektorunun deyil, qlobal iqtisadiyyatın, nəqliyyat-logistika sisteminin, iqlim siyasətinin və geosiyasi təhlükəsizliyin gələcəyi müzakirə olunur.
Azərbaycanın son illərdə həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət bu uğurların əsasını təşkil edir. Ölkəmiz həm Avropa İttifaqı, həm ABŞ, həm Çin, həm Türk dünyası, həm də digər regional tərəfdaşlarla qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında əməkdaşlıq quraraq beynəlxalq etimad qazanıb. Bu gün Bakı Enerji Forumu yalnız enerji tədbiri deyil, həm də geosiyasi dialoq platforması kimi çıxış edir.
Ən mühüm məqamlardan biri isə xarici investorların marağının artıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmamasıdır. Son illərdə qeyri-neft sənayesinin inkişafı, logistika imkanlarının genişləndirilməsi, rəqəmsallaşma, sənaye parklarının fəaliyyəti və biznes mühitinin təkmilləşdirilməsi ölkəmizi regionun mühüm investisiya mərkəzlərindən birinə çevirib. Bu isə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdiyini göstərir.
Builki forumun gündəliyində xüsusi yer tutan mövzulardan biri də yaşıl enerji və iqlim gündəliyidir. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq enerji siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əgər əvvəlki dövrdə Azərbaycan daha çox etibarlı neft və qaz təchizatçısı kimi tanınırdısa, bu gün ölkəmiz qlobal yaşıl keçid prosesinin fəal iştirakçılarından birinə çevrilib.
Azərbaycanın yaşıl enerji strategiyası ölkənin uzunmüddətli inkişaf prioritetləri sırasında mühüm yer tutur. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “Yaşıl Enerji Zonası” elan edilməsi, Xəzər dənizinin zəngin külək enerjisi potensialının istifadəyə hazırlanması, günəş və külək elektrik stansiyalarının tikintisi bu siyasətin mühüm istiqamətləridir. Eyni zamanda Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan enerji dəhlizi layihəsi ölkəmizin gələcəkdə Avropaya yaşıl enerji ixrac edən əsas ölkələrdən birinə çevrilməsi üçün geniş perspektivlər açır.
Bu gün ölkəmiz həm ənənəvi enerji daşıyıcılarının etibarlı ixracatçısı, həm də gələcəyin yaşıl enerji təchizatçısı kimi çıxış edir. Bu isə Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir və ölkəmizə qlobal enerji bazarlarında əlavə strateji üstünlüklər qazandırır.
Azərbaycanın enerji uğurlarından danışarkən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz son iyirmi ildə enerji sektorunda əldə etdiyi nailiyyətləri geosiyasi üstünlüyə çevirməyi bacarıb. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan hər zaman etibarlı tərəfdaş olub və bütün öhdəliklərini vaxtında yerinə yetirib. Məhz bu prinsipial mövqe ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynayıb.
Bu gün Azərbaycan öz təbii qazını Avropa da daxil olmaqla geniş coğrafiyada yerləşən çoxsaylı ölkələrə ixrac edir. Cənub Qaz Dəhlizi artıq təkcə iqtisadi layihə deyil, Avropanın enerji təhlükəsizliyinin vacib elementlərindən biri hesab olunur. Son illərdə Avropada enerji təhlükəsizliyi ilə bağlı yaranmış çağırışlar fonunda Azərbaycanın rolu daha da artıb.
Prezident İlham Əliyevin müəyyən etdiyi strateji prioritetlər sırasında yaşıl enerji xüsusi yer tutur. Dövlət başçısının açıqlamalarına görə, yaxın illərdə ölkədə minlərlə meqavat həcmində yeni bərpa olunan enerji güclərinin yaradılması planlaşdırılır. Bu, həm daxili tələbatın ödənilməsinə, həm də əlavə enerji ixrac imkanlarının formalaşmasına xidmət edəcək.
Forumun gündəliyində rəqəmsallaşma, süni intellekt, data mərkəzləri və “Zero Waste” təşəbbüslərinin yer alması isə göstərir ki, enerji sektoru artıq yeni texnoloji mərhələyə qədəm qoyur. SOCAR-ın rəqəmsal transformasiya proqramları, innovativ idarəetmə modelləri və ESG standartlarının tətbiqi Azərbaycan enerji sektorunun beynəlxalq rəqabət qabiliyyətini daha da artırır.
Bakı Enerji Həftəsi çərçivəsində nəqliyyat və logistika sərgisinin keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki müasir dünyada enerji marşrutları ilə nəqliyyat dəhlizləri bir-birini tamamlayan strateji amillərdir. Orta Dəhlizin inkişafı, Bakı Limanının genişlənən imkanları və Trans-Xəzər marşrutuna artan maraq Azərbaycanın regional iqtisadi qovşaq statusunu daha da gücləndirir.
Bu gün Bakı Enerji Həftəsi təkcə enerji sərgisi və ya forum deyil. Bu platforma Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi gücünün, enerji diplomatiyasının və gələcəyə hesablanmış strateji baxışının nümayişidir. Burada müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan artıq yalnız enerji resurslarına malik ölkə deyil, qlobal enerji təhlükəsizliyinə, yaşıl keçid prosesinə və beynəlxalq əməkdaşlığa töhfə verən strateji dövlətdir.
Bakı Enerji Həftəsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası ölkəmizi Avrasiyanın mühüm enerji, nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. Bu gün Bakı yalnız enerji paytaxtı deyil, həm də qlobal dialoq, etibarlı tərəfdaşlıq və dayanıqlı inkişaf ideyalarının qovuşduğu beynəlxalq mərkəz kimi çıxış edir.
Azad Novruzov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
