Gün çıxandan gün batanadək (oçerk) - FOTOLAR
Sübh çağıdır, dan yeri təzəcə ötən bir gecənin növbəti səhərini təhvil verib. Uzaqlardan hələ dəqiqələr sonra çıxacaq günəşin zərrin şüaları hündür yerlərə işıq zolaqları salıb. Binaların kölgəsində yarıqaranlıq olan küçədən hərgünkü səslər gəlir. Pəncərəyə yaxınlaşıram: yenə o insanlar... Hər gün hər kəsin yollarda, parklarda, küçələrdə dəfələrlə qarşılaşdığı, yayın istisindən, qışın şaxtasından üzləri “yanmış”, əlləri cadarlaşmış insanlar... Artıq işə başlayıblar... Təmizlik işləri ilə məşğuldurlar... Süpürürlər, məişət tullantılarını bir yerə toplayırlar. Elə pəncərənin önündəcə fikrə dalıram. Biz bir azdan təmiz şəhərin küçələri ilə işə gedəcəyik. Onlar isə çoxdan öz işlərinə başlayıblar. Ağlıma gələn isə bu olur: hər bir sahənin, hər işin öz gözəlliyi, öz üstün cəhətləri, bir də asanlığı, çətinliyi var...
Saatın əqrəblərinin zamanı irəliyə doğru aparmaq mücadiləsi məni xəyallardan ayırır. İşə tələsirəm... küçəyə çıxıram, yenə onların çox böyük həvəslə, məsuliyyətlə işlədikləri ilə qarşılaşıram, marşrutdan ətrafa baxıram, bu dəfə onların mərkəzi küçələrin təmizlik işlərini apardıqlarını görürəm: biri süpürür, biri yığır, biri maşına toplayır... İşdəyəm, yenə də pəncərədən onları görürəm: kişilər...qadınlar... hamısı təmizliklə məşğuldurlar...
Haqqında danışdığım insanlar Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin işçiləridir. Bu idarənin çoxsaylı kollektivi ən ağır və məsuliyyətli işi həyata keçirir. 187 nəfər çalışır bu idarədə. Bu, 187 ailə deməkdir. 60 qadın çalışır burada, bu, 60 ana deməkdir. Günün bütün saatlarında müxtəlif qruplarda növbəlilik əsasında çalışan bu insanlar şəhərimizin təmiz, səliqəli olması üçün əmək sərf edirlər, yorulmaq bilmirlər. Onları seyr etdikcə bir əsas məqamı da xatırlayıram: əvvəllər də bu insanlarla tez-tez qarşılaşırdıq. Təmizlik işlərinə baxırıq deyə kim əlinə nə keçirdisə, ən köhnə paltarlarını geyinib işə çıxırdı. O görüntülər indi də gözlərim qarşısındadır. Lakin muxtar respublikamızda bütün sahələrdə həyata keçirilən köklü islahatlar nəticəsində indi hər yerdə bir nizam-intizam var. Necə ki, sanitar-təmizlik idarəsinin işçilərinin gördükləri iş şəhərimizə daim təmiz bir görüntü verir, elə onların xüsusi geyimləri də bu mənzərəyə bir səliqə-sahman əlavə edir.
...İlin bütün fəsillərində-qızmar günəş altında, yağış, qar yağarkən də onları iş başında görürəm. Və hər gördüyümdə öz-özümə pıçıldayıram: nə qədər zəhmətli işlə övlad böyüdənlər, çörək qazananlar, evlərinə ruzi aparanlar var. Onların övladları, valideynlərinə göstərdikləri qayğı, bu ağır zəhmətlərini necə dəyərləndirdikləri barədə də çox düşünürəm. Belə valideynlərin qədrini bilmək üçün tək öz övladlarının yetmədiyini, hər birimizin onların övladı olmağımız barədə də fikirləşirəm. Çünki onlar şəhərimizin abad və səliqəli olması, qonaqlarımızın buradan razılıqla ayrılması, özümüzün və övladlarımızın sağlam böyüməsi üçün bütün günü təmizlik işləri aparırlar. Onlar işləyərkən əyləşmək, hərəkətsiz qalmaq, bir dəqiqə dayanmaq yoxdur. Belə isə, bizlərin də hər biri onlara övlad qayğısı ilə yanaşıb ağır əməklərini qiymətləndirməliyik. Unutmamalıyıq ki, onlar səhərdən axşamadək ağır iş şəraitində çalışırlar. Və bir də onu yaddan çıxarmamalıyıq ki, əlimizdən gün ərzində neçə əşyanı tullantı kimi hara gəldi atırıqsa və bir də həmin yoldan keçəndə oranı təmiz görürüksə, deməli bu adamlar da bir o qədər sayda onları süpürür, təmizləyir, bizdən sonra səbrlə yığışdırırlar. Əgər bir tərəfdən bu onların gördüyü işin məsuliyyətidirsə, digər tərəfdən şəhərimizin, ətraf çevrəmizin təmizliyi, sağlamlığımız deməkdir. Məhz ona görə də bu həvəslə şəhərimizin təmizliyini qoruyan, saxlayan insanlara bir söz demək lazımdır: “Yorulmayasınız!”
Axşamçağıdır... Günəş yavaş-yavaş öz “mənzilinə” çəkilir. Hava da günəşin gedişi ilə qaralmağa və soyumağa başlayır. Bir iş günü də beləcə başa çatır... Yenə həmin yollar... küçələr... parklar... Onlar hələ də iş başındadırlar. Süpürürlər, təmizləyirlər, maşınlara yığırlar... Hər gün olduğu kimi: Gün çıxandan gün batanadək.