Kitabların dili olsaydı…

A- A A+

Kitabların dili olsa yəqin ki deyərdi: “Nə axtarırsansa bizdən istə. Təki sən axtar. Axtardığını isə mütləq bizdə  tapa bilərsən”.

Kitablar təkcə insanların “yol yoldaşı”, “həmsöhbəti” deyil, həm də  nitq qabiliyyətinin inkişafında,  dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Onlar oxucuların həyata baxışının da düzgün istiqamətləndirilməsi işində müəyyən rola malikdir. Oxuduğumuzdan nəsə anlaya, nəticə götürə bilmişiksə, deməli, fikriləşdiyimizdən də çox şey qazanmışıq.

Məsələyə elmi  cəhətdən yanaşmıram. Adi gündəlik həyatımızda ünsiyyət qurduğumuz insanlar arasında belə kitab oxuyan və oxumayanlar asanlıqla fərqlənirlər. Bu, onların istər danışıq tərzlərində, nitq qabiliyyətlərində, istərsə də mövzuya yanaşma tərzlərində özünü büruzə verir. Bir fikirdə də qeyd olunduğu kimi, hər kim kitab oxumursa düzgün fikirləşə bilməz.

Amma məsələnin ən rəngli tərəfi əlinin altında saysız-hesabsız həyat hekayəsinin olmasıdır. Hər kitab bir həyatdır, bir istiqamətdir, bir düşüncədir. Onların bəziləri bizim keçmişə, tarixə səyahətimizdir. Hər bir bədii kitab bir insandır, bir insan taleyidir. Nəcəf bəy Vəzirov deyirdi: “Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisi edir”.

İndi isə keçək əsas məsələyə... Etiraf edək ki, bu qədər imkanların və rəngarəngliyin arasında səssiz olduqları üçün bəzən kitablar kənarda qalır. Ya da bəzilərimiz onu özümüzdən süni şəkildə uzaqlaşdırırıq.  Ailə olaraq, yaxud da dost-tanışla toplandığımızda mövzu kitab deyil də, hansısa televiziya proqramı, yaxud da serial ola bilər. Təbii ki, qədərində bütün bunlar da normaldır. Amma yenə də unutmaq olmaz ki, bütün televiziya serialları, filmlər də ayrıca bir kitabın mövzusudur. Bütün bunlar öz yerində, amma siz kitablarla zəngin bir dünya istəyirsinizsə, ətrafınıza da kitab oxumağı sevən insanlar toplamalısınız. Həyatda bəzi şeylərin təsadüflə əsla əlaqəsi yoxdur. Eynilə kitab oxumaq, onları sevmək kimi. Bu ya ailədən qaynaqlanır, ya da ətrafındakılardan. Belə deyək, gördükcə götürürsən, eşitdikcə həmin fikirləri özün oxumaq istəyirsən. Ya da "mən olsam bunu başqa cür təhlil edərdim" kimi düşüncələrlə yaxınlaşırıq kitablara. Belə məsələlərdə valideynlər daha diqqətcil olmalıdır. Bir çox şeyin ailədən qaynaqlandığı, bəzi şeylərin təməlinin məhz ailədə qoyulduğu hamımıza məlumdur. Dahilərimizdən birinin dediyi kimi, kitabların kölgəsində böyüdə bilmədiyimiz bir nəsli silahların kölgəsindən xilas edə bilmərik!

Mütaliəni həyatında vərdiş halına salmış insanların hamısının bu vərdişə görə borclu olduqları kimsə hökmən vardır. Kimilərinə bu vərdiş aşılanıb, kimilərinə də sadəcə bununla kifayətlənməyib, bərabərində geriyə zəngin bir şəxsi kitabxana miras buraxıblar…

Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: