Bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional baza yaradılır
Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilir.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılmasının təmin etdilməsi məqsədilə hazırlanıb və nəqliyyat sahəsinin tənzimlənməsini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 ömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili əsasında bu məsələnin normativ hüquqi bazasının yaradılması öz əksini tapıb.
Layihə ilə nəzərdə tutulan əsas yeniliklər aşağıdakılardır:
- müvafiq qanunlara dəyişiklik edilməsi ilə qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi anlayışlar daxil edilir, eləcə də idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunur. Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən edilir. Avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir;
- hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunur;
- bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd edilir.
