2026-cı ilin birinci rübü ərzində dövlət informasiya resurslarına qarşı yönəlmiş çoxsaylı kibertəhdidlərin qarşısı operativ şəkildə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə dövlət informasiya resurslarına yönələn zərərli trafik filtrasiya olunub, çoxsaylı fişinq resursları və saxta domenlər müəyyən edilərək zərərsizləşdirilib.
Allahverən İsmayılov bildirib ki, əldə olunan nəticələr kibertəhlükələrin artıq nəzəri deyil, real və dinamik xarakter daşıdığını göstərir.
“Buna görə də, sahədə davamlı monitorinqin, qabaqlayıcı tədbirlərin və operativ reaksiyanın əhəmiyyəti daha da artır. Ölkədə rəqəmsal transformasiya proseslərinin idarə olunması və vahid dövlət siyasətinin həyata keçirilməsi məqsədilə yaradılmış Rəqəmsal Şura bu istiqamətdə mühüm rol oynayır. Rəqəmsallaşma və yüksək texnologiyaların tətbiqi dövlət siyasətinin əsas prioritetlərindən biridir”, - deyə Allahverən İsmayılov vurğulayıb.
