Sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və kadr hazırlığı məsələləri müzakirə edilib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində Dövlət Miqrasiya Xidməti və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və kadr hazırlığı məsələləri müzakirə edilən tədbirdə Dövlət Miqrasiya Xidmətinin təşkilat-nəzarət şöbəsinin rəisi Zakir Məmmədov bildirib ki, muxtar respublikada həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində bütün sahələrdə müşahidə olunan dinamik inkişaf bu diyarı miqrantlar üçün yaşamaq və işləməyin əlverişli olduğu bir məkana çevirib. Bu baxımdan muxtar respublikamızda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artıb. Qeyd edilib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən müəyyən sahələr üzrə peşəkar kadrların hazırlanması üçün kurslar təşkil edilir.
İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Anar Cəfərov sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və məşğulluğun artırılmasında sahibkarların rolundan danışıb.
Təbirdə digər çıxış edənlər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək miqrasiyası, məşğulluq proqramında qarşıya qoyulan məqsədlərvə sahibkarlıq sahəsində kadr hazırlığının əhəmiyyətindən danışıblar.
“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi çalışdığı müəssisədə fəaliyyət göstərən əcnəbilərin sənədləşmə və miqrasiya proseslərində yaranan çətinliklərin aradan qaldırılması istiqamətində göstərilən köməkliyi xüsusi olaraq vurğulayıb.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşı əcnəbilərə iş icazəsinin verilməsi və uzadılması, həmçinin kvota haqqında verilən suallara cavab verib.
Sahibkarlara hüquqi maarifləndirmə məqsədilə Dövlət Miqrasiya Xidmətinin hazırladığı bukletlər təqdim olunub.
Əbülfəz Dünyamalıyev