Ekoloji Təhsil – Yaşıl Gələcəyin Ən Güclü Təminatı

A- A A+

Hər il 5 iyun tarixi dünyada Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur. Bu gün təkcə təbiətin qorunmasına diqqət çəkmək üçün deyil, həm də insanlığın gələcəyi ilə bağlı məsuliyyət hissini gücləndirmək üçün mühüm platformadır. Təsadüfi deyil ki, 2026-cı ildə bu mötəbər günün qlobal tədbirlərinə ev sahibliyi etmək hüququ məhz Azərbaycana həvalə olunub. Bu, ölkəmizin ekoloji siyasətinə və iqlim dəyişikliklərinə qarşı mübarizədə göstərdiyi səylərə beynəlxalq səviyyədə verilən yüksək etimadın göstəricisidir. Dünya Ətraf Mühit Günü 2026-nın Bakıda keçirilməsi və əsas mövzunun iqlim dəyişiklikləri olması bunu bir daha təsdiq edir. 

Müasir dövrdə iqlim dəyişiklikləri, su qıtlığı, meşələrin azalması, torpaq eroziyası və ətraf mühitin çirklənməsi kimi problemlər bəşəriyyət qarşısında ciddi çağırışlar yaradır. Bu problemlərin həlli üçün texnologiyalar, qanunlar və maliyyə resursları vacib olsa da, əsas məsələ insan faktorudur. Çünki təbiətə təsir edən də, onu qoruyan da insandır.

Ekoloji problemlərin kökündə çox vaxt bilik çatışmazlığı və məsuliyyətsiz davranış dayanır. İnsan təbiətin sərvətlərinin sonsuz olmadığını dərk etmədikcə, ən sərt qanunlar belə istənilən nəticəni verməyəcək. Buna görə də ekoloji təhsil ətraf mühitin qorunmasının əsas şərtlərindən biri hesab olunur.

Ekoloji təhsil insanlarda təbiətə qarşı məsuliyyət hissi formalaşdırır, onları su və enerji resurslarından səmərəli istifadə etməyə, tullantıları azaltmağa, yaşıllıqları qorumağa və ekoloji təhlükələrin nəticələrini anlamağa sövq edir. Əslində ekoloji təhsil sadəcə məlumat vermək deyil, davranış mədəniyyəti yaratmaqdır.   Bu prosesdə məktəbin rolu xüsusilə böyükdür. Uşaqlarda təbiətə sevgi və məsuliyyət hissi erkən yaşlardan formalaşır. Məktəblərdə keçirilən ekoloji layihələr, ağacəkmə kampaniyaları, təbiət müşahidələri və maarifləndirici tədbirlər gələcək nəsillərin ekoloji dünyagörüşünün formalaşmasına xidmət edir. Lakin bu iş yalnız təhsil müəssisələrinin üzərinə düşmür. Ailə, media, ictimai təşkilatlar və bütövlükdə cəmiyyət də bu prosesin ayrılmaz hissəsidir.

 Son illər Azərbaycanda ətraf mühitin qorunması və yaşıl inkişaf istiqamətində mühüm addımlar atılır. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrinin yaşıl enerji zonası elan olunması, bərpa olunan enerji layihələrinin genişləndirilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıllaşdırma proqramları ölkənin ekoloji prioritetlərinin göstəricisidir. 

Azərbaycanın COP29-a ev sahibliyi etməsi və daha sonra BMT-nin Dünya Ətraf Mühit Gününün 2026-cı il üzrə ev sahibi seçilməsi ölkəmizin qlobal ekoloji gündəmdə artan rolunu nümayiş etdirir. BMT-nin Ətraf Mühit Proqramı Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə, yaşıl enerji keçidi və ətraf mühitin mühafizəsi sahəsində gördüyü işləri yüksək qiymətləndirərək bu etimadı göstərib. 

Bu gün dünyanın qarşısında duran ekoloji problemlərin həlli ilk növbədə insanın düşüncə tərzinin dəyişməsindən keçir. Təbiəti qorumaq yalnız dövlət siyasəti deyil, həm də vətəndaş məsuliyyətidir. Hər bir insan ətraf mühitə münasibəti ilə gələcəyin necə olacağını müəyyənləşdirir.

Əgər biz yaşıl və təhlükəsiz gələcək istəyiriksə, ilk növbədə ekoloji təhsili gücləndirməli, təbiətə münasibətdə yeni düşüncə formalaşdırmalıyıq. Çünki ekoloji problemlərin həllinin ən etibarlı yolu insanın özündən başlayır. Təbiəti qorumaq isə əslində gələcəyi qorumaq deməkdir.

 

Azad Novruzov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: