Məhsulların istehsal mərhələsindən son istehlakadək hərəkətinin izlənilməsi qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Məhsulların mənşəyi və hərəkət zənciri barədə məlumatların qeydə alınması qida mənşəli risklərin vaxtında aşkarlanmasına, təhlükəli məhsulların dövriyyədən çıxarılmasına, eləcə də istehlakçıların qida və yem məhsulları ilə bağlı dolğun və dəqiq məlumat əldə etməsinə imkan yaradır.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası” qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, habelə qida və yem məhsullarına əlavə olunması nəzərdə tutulan maddələrin hərəkətinin izlənilməsi mexanizmini müəyyən edir.
