Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüşü olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamından irəli gələrək təşkil edilən görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin müavini Ümid Qurbanov bildirib ki, sərəncamın icrasının təmin edilməsi məqsədilə Komissiyada “İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzi” yaradılıb. Gələcəkdə muxtar respublikada dövlət qulluğu sahəsində yeniliklərin tətbiq edilməsi, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələrin üzə çıxarılması, innovativ ideyaların dəstəklənməsi üçün tələbələrlə birgə Startap layihələrinin hazırlanması da nəzərdə tutulub. Sözügedən layihələrdə gənclərin intellektual və yaradıcı potensialının, ideyalarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onlara daha əlverişli şəraitin yaradılması, gənc nəslin dövlət qulluğu sahəsində fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.
Daha sonra Komissiyanın əməkdaşları Türkan Gülməmmədli “Dövlət orqanlarında vətəndaşların dövlət qulluğuna müsabiqə vasitəsilə qəbulu qaydaları”, Zaman Bağırov isə “İnkişaf etmiş ölkələrdə dövlət qulluğu” mövzularında slaydlar vasitəsilə açıq dərslər keçiriblər.
Görüşdə Universitetin prorektoru Rafiq Rəhimov bildirib ki, bu cür qarşılıqlı əlaqələr peşəkar kadr potensialı hazırlamaq, bu sahədəki çətinlikləri aradan qaldırmaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq, onların gələcək iş yerlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirin sonunda müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.