Culfada Vəkil Bürosunun açılışı olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, iyunun 8-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Culfa rayon Vəkil Bürosunun açılış mərasimində iştirak edib.
Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvləri və büro əməkdaşları iştirak ediblər.
Açılış mərasimi çərçivəsində qonaqlara yeni inzibati bina təqdim olunub, yaradılan iş şəraiti ilə yerində tanışlıq keçirilib.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov qonaqlara büro barədə ətraflı məlumat verərək bildirib ki, Culfa rayonunda fəaliyyətə başlayan ofis müasir standartlara uyğun şəkildə qurulub, vəkillərin peşə fəaliyyətinin səmərəli təşkili üçün bütün zəruri infrastrukturla təmin edilib. Büroda həm vəkillərin fəaliyyəti, həm də vətəndaşların qəbulu üçün əlverişli şərait yaradılıb.
VK sədri Anar Bağırov açılış mərasimində çıxış edərək iştirakçıları salamlayıb, yeni büronun fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb və kollektivə uğurlar arzulayıb. Büronun fəaliyyətini hüquqi xidmətlərin əlçatanlığının artırılması baxımından mühüm addım kimi qiymətləndirən sədr son illərdə Kollegiya tərəfindən həyata keçirilən sistemli islahatlardan, vəkillik institutunun inkişafı istiqamətində görülən işlərdən, vəkillərin sayının artırılması və peşə hazırlığının gücləndirilməsi sahəsində əldə olunan nəticələrdən bəhs edib.
Anar Bağırov qeyd edib ki, hazırda ölkə üzrə 144 Vəkil Bürosu fəaliyyət göstərir və bu qurumların hər birində beynəlxalq standartlara uyğun iş şəraiti formalaşdırılıb. Bu isə vətəndaşların keyfiyyətli və əlçatan hüquqi yardım almasına geniş imkanlar yaradır.
Həmçinin sədr diqqətə çatdırıb ki, respublika üzrə bütün vəkil qurumlarının maddi-texniki bazasının gücləndirilməsi Kollegiyanın prioritet istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər davam etdirilir. Eyni zamanda Anar Bağırov Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində son dövrlərdə həyata keçirilən islahatları yüksək qiymətləndirib, bu istiqamətdə əldə olunan uğurlar və gələcək inkişaf perspektivlərini xüsusi vurğulayıb.
Mərasim çərçivəsində vəkillərlə görüş keçirilib, onların peşə fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib. VK rəhbərliyi tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.