Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı keçirilib. 

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında təşkil edilən tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə, Muxtar Respublikasında fəaliyyət göstərən vəkillər, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 

Ümumi yığıncaq Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. 

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağıroviştirakçıları salamlayaraq tədbirin gündəliyi barədə iştirakçılara ətraflı məlumat verib, Kollegiyanın son illər ərzindəki fəaliyyətdən və ölkəmizdə vəkillik institutunun keçdiyi inkişaf mərhələlərindən danışıb.  

Sədr bildirib ki, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti, qarşılaşdığı məsələlərin həlli və maddi-texniki bazasının gücləndirilməsi daim Azərbaycan Respublikası Vəkillər Kollegiyasının diqqət mərkəzində saxlanılıb. Qeyd edilib ki, son illərdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib, bir sıra institusionalislahatlar aparılıb və qəbul edilən qərarlar nəticəsində Naxçıvanda vəkillik fəaliyyətinin inkişafı üçün daha əlverişli şərait formalaşdırılıb.   

Eyni zamanda Anar Bağırov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən qəbul olunan qərarlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının maddi vəziyyətinin yaxşılaşdırılmasıilə yanaşı, inzibati və təşkilati imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq addımlar atılıb. Bunun nəticəsində vəkillərin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb, hüquqi yardımın təşkili imkanları daha da genişlənib. Aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Vəkillər kollegiyalarının birgə fəaliyyəti nəticəsində vəkilliyə qəbul prosesi daha da intensivləşdirilib və bu, Muxtar Respublikada vəkillərin sayının artmasına müsbət təsir göstərib.  

Kollegiya sədri çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu il tarixində imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Azərbaycan vəkilliyinin inkişaf tarixində mühüm dönüş nöqtəsi olub. Həmin Qanunla ölkəmizdə ilk dəfə olaraq vəkillik institutu tam müstəqil, dövlət hakimiyyətinin heç bir qolundan asılı olmayan təsisat kimi formalaşdırılıb. 

Sədr bildirib ki, eyni dövrdə qəbul edilmiş prosessual qanunvericilik aktları nəticəsində vəkillik çəkişmə prinsipinə əsaslanan məhkəmə sisteminin ayrılmaz hissəsinə çevrilib, vəkillər proses iştirakçıları arasında bərabərhüquqlu peşə birliyi statusu qazanıblar. Bu islahatlar ölkədə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əsasını təşkil edib. 

Anar Bağırov qeyd edib ki, Ümummilli Lider tərəfindən müəyyən edilmiş inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Vurğulanıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da dəstəyi ilə hüquq sahəsində həyata keçirilən islahatlar daha da sürətlənib, vəkillik institutunun potensialı əhəmiyyətli dərəcədə gücləndirilib, beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilib və Azərbaycanın hüquq ictimaiyyətinin beynəlxalq nüfuzu daha da artıb. 

Həmçinin sədr çıxışında Prezident İlham Əliyev tərəfindən 19 noyabr 2025-ci il tarixində imzalanmış Fərmanla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə, habelə “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılması məqsədilə müvafiq qanuna edilmişdəyişikliklərə də toxunub. Qeyd olunub ki, həmin dəyişikliklər vəkillik institutunun institusionaləsaslarının daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin müasir çağırışlara uyğun şəkildə təşkilinə, çevik idarəetmə mexanizmlərinin tətbiqinə və hüquqi yardım sisteminin təkmilləşdirilməsinə xidmət edir. 

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov çıxış edərək son dövrlər Kollegiyanın gördüyü işlərdən bəhs edib. Sədr bildirib ki, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası 2008-ci ildə 8 vəkil tərəfindən təsis edilib, bu gün isə 40 vəkil ilə fəaliyyət göstərməkdədir. O qeyd edib ki, 2023-cü ildən etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinin dəstəyi ilə Kollegiyanın fəaliyyətində köklü dəyişikliklər baş verib, müqavilə formaları, order strukturu, dövlət hesabına göstərilən hüquqi yardımla bağlı hesabatlar və digər sənədlər vahid standartlara uyğunlaşdırılaraq bu istiqamətində mühüm addımlar atılıb.  

Həmçinin Vüsal Həsənov vurğulayıb ki, 2023-2025-ci illər ərzində keçirilən imtahanlarda 62 namizəd iştirak edib. 2023-cü ilədək Kollegiyanın tərkibində yalnız 1 büro fəaliyyət göstərib, həmin ildən etibarən isə mütəmadi olaraq qurumlar yaradılıb və sayı 4-ə yüksəlib. Bununla da regionların hüquqi xidmətlərə çıxışı genişləndirilib. Vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətindəki fəaliyyətə də toxunan sədr söyləyib ki, hər ay ucqar rayonlarda yaşayan, vəkilə müraciət imkanı məhdud olan şəxslərə bilavasitə yaşadıqları yerlərdə pulsuz hüquqi yardım göstərilir. Bundan əlavə, Kollegiyadavəkillərin həvəsləndirilməsi məsələsinə də xüsusi diqqət yetirilir, onların fəaliyyətləri, ictimai borca münasibətləri və peşəkarlıq səviyyələri nəzərə alınaraq bir sıra vəkillər müvafiq qərarlarla təltif olunur.  

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında da vəkillik fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunu təşkil edir və bu çərçivədə vəkillik fəaliyyətinin bütün istiqamətləri - vəkil etikası, vəkil sirri, peşə hazırlığı, dövlət hesabına hüquqi yardım və digər məsələlər həmin qanunla tənzimlənir. 

Gündəliyə uyğun olaraq ümumi yığıncaq çərçivəsində Hesablama Komissiyasının tərkibi müəyyən edilib. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinə, Vəkillərin İntizam və İxtisas Komissiyalarının Əsasnamələrinə, “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməsi, eləcə də "Üzvlük haqqının ödənilməsi” qaydasının və sair qaydaların Naxçıvan Muxtar Respublika Vəkillər Kollegiyası haqqında qanunun 11-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən qəbul edilmiş qüvvədə olan Əsasnamələr, qaydalar və sair sənədlərlə bağlı məsələlər müzakirə olunaraq müsbət qərarlar qəbul edilib.

Bundan başqa, ümumi yığıncaqda keçirilən səsvermənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublika Vəkillər Kollegiyasının üzvü Ələkbər Cəfərovun həmin Kollegiyanın sədr müavini vəzifəsinə seçildiyi elan olunub. 

Daha sonra ümumi yığıncaqda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı əhəmiyyət kəsb edən digər məsələlər də gündəliyə çıxarılıb. Bu məsələlər ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, eləcə də ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: