Mövzunun belə bir adda təqdim olunması məxsusi mahiyyət daşıyır. Çünki azərbaycanlılar da türksoylu xalqların bir qövmü kimi qədim tarixi keçmişə malik olduğundan problemə kompleks şəkildə yanaşmağa çalışmışıq. Bəllidir ki, saxta tarix yaratmağa çalışan, heç bir kökü məlum olmayan törəmə erməni köçəri tayfaları özlərinin qədim dövlətçilik tarixinin olduğunu yalançı faktlarla dünya ictimaiyyətinə çatdırmağa çalışırlar. Lakin tarix saxtakarlığı sevmir. Belə bir qənaəti təsdiqləmək üçün tutarlı dəlillər, sübutlar və faktlara malik olmaq lazımdır. Həmin faktlar isə ermənilərdə, necə deyərlər, yerli-dibli yoxdur.
Fundamental köklərə, dilə, folklora, adət-ənənələrə, mənşəyə faktlar əsasında aydınlıq gətirməklə deyə bilərik ki, ermənilərin uydurma tarixi onların Türkiyə və Azərbaycan ərazilərində məskunlaşdırılmasından sonra yaradılmışdır. Bəllidir ki, bəşər tarixində heç bir xalq müəyyən bir coğrafi ərazidə təkbaşına qapanıb qalmayıb, əksinə, öz keçmişinə, mütərəqqi adət-ənənəsinə, tarixi təcrübəsinə, mənəvi mədəniyyətinə, demokratik irsinə istinad edərək təmasda olduğu xalqlardan öyrənib və özünün yaxşı, səciyyəvi xüsusiyyətlərini başqalarına təlqin edib. Bu, ən qədim dövrlərdən indiyədək dünya sivilizasiyasına önəmli təsir göstərən və dövlətçilik, elm, mədəniyyət, ordu quruculuğu, hərb sənəti sahəsində çox böyük xidmətləri olan türk xalqlarına, o cümlədən bu soyun dərin köklərindən olan azərbaycanlılara da aiddir.
Lakin adıçəkilən bəşəri dəyərlərdən ermənilər həmişə sui- istifadə edərək bunların əksəriyyətini özününküləşdirərək özlərinə qədim xalqlardan biri kimi saxta status imici qazandırmağa çalışıblar.
Aydın məsələdir ki, millət kimi formalaşmaq üçün min illərlə hesablanan bir dövrü yaşamaq zəruridir. Bu baxımdan minilliklər boyu qüdrətli imperatorluqlar, xaqanlıqlar, dövlətlər, bəyliklər, atabəyliklər, xanlıqlar yaratmış xalqlar tarixin ayrı-ayrı dövrlərində tənəzzülə uğrayaraq əsarət altına düşsələr də, heç vaxt tarix səhnəsindən ayrılmamış və çox keçmədən yenidən dirçələrək özlərinin dövlətlərini bərpa edə bilmişlər.
Etiraf edək ki, əvvəllər azərbaycanlıların soyqırımı məsələləri araşdırma obyekti kimi ziyalılıq və vətəndaşlıq borcu yönümündə alimlər qarşısında problem formasında qoyulmamışdır. Nəticədə ötən illər ərzində azərbaycanlıların soyqırımı, torpaqlarımıza, minilliklərdən bəri daşlaşmış tariximizə, ədəbi-mədəni abidələrimizə erməni təcavüzü faktı lazımınca araşdırılmamış, beynəlxalq ictimaiyyətə sübutlar və dəlillərlə təqdim edilməmiş, həmin səbəblərdən də bu məsələyə hüquqi qiymət vermək mümkün olmamışdır. Lakin Azərbaycanın müstəqilliyinin bərpasından sonra ermənilərin soydaşlarımıza qarşı törətdikləri bəşəriyyət əleyhinə cinayətləri fundamental şəkildə araşdırmağa geniş imkan yaranmışdır. Zənnimcə, belə bir imkandan istifadə edərək tarixən azərbaycanlıların erməni terroru nəticəsində soyqırıma məruz qalmaları, öz dədə-baba torpaqlarından deportasiya olunmaları çoxəsrlik qaçqınlıq tariximizin ən ağrılı səhifələri kimi daha dərindən araşdırılıb öyrənilməli, bu faciələrimizin tarixi köklərini, ictimai-siyasi amillərini üzə çıxarıb təbliğ etmək lazımdır. Yalnız belə halda onları beynəlxalq müzakirə obyekti səviyyəsinə qaldıra bilərik. Digər məsələlərə də məxsusi olaraq diqqət yetirməyi vacib hesab edirik. Yəni Azərbaycan xalqı zaman-zaman soyqırımlara məruz qalmaqla yanaşı, onun ədəbi-mədəni abidələri də soyqırımı və təcavüzlə üzləşmişdir.
Burada diqqəti mühüm bir məqama yönəltməyi vacib bilirik. Belə ki, hər hansı bir ərazidə daimi yaşayan xalqın ədəbi-mədəni abidələri köçəri həyat tərzi keçirən hansısa kütlənin adət-ənənələrindən, folklorundan, incəsənətindən daha qədim və fundamental kökə malik olur. Bugünün reallıqları da onu göstərir ki, səpələnmiş halda qeyri-müəyyən həyat sürən hansısa bir zümrə kütlə halında bir məkanda kompakt yaşayış tərzinə məruz qaldıqda, onların böyük mövcudluq tarixi olan xalqların uzun illərdən bəri formalaşan ədəbi-mədəni nümunələrinin qaynaqları, yarandığı şərait, səbəb və s. məsələlər həmin kütlənin maraq dairəsində olur. Kütlə psixologiyasına məruz qalan o zümrələrdən biri də məhz ermənilərdir.
Tədqiqatlarla sübuta yetirilmişdir ki, səpələnmiş və pərakəndə halda müxtəlif ərazilərdə yaşamış ermənilər Azərbaycana Rusiya imperiyasının təhriki ilə planlı şəkildə mərhələlərlə köçürülmüş və kütlə şəklində İrəvan, Naxçıvan, Gəncə-Qarabağ və ölkəmizin digər bölgələrində məskunlaşdırılmışlar.
Onlar havadarlarının köməyi ilə yerlənib-yataqlanandan sonra isə müəyyən vaxt qazanmaqla davamlı olaraq anti-Azərbaycan hərəkatına başlamış, müxtəlif metodlardan istifadə etməklə, yəni saxta tarixi miflər yaratmaqla ədəbi-mədəni abidələrimizə, torpaqlarımıza və digər sərvətlərimizə sahib çıxmağa çalışmışlar.
Azərbaycan tarixi ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Ümumi zənginliyin bir hissəsi məhz hamımıza doğma olan Azərbaycanın əzəli və əbədi torpağı Qarabağdır. Bu ərazi təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan diyarlarından biridir. Bunun bariz nümunələrindən biri isə Qarabağ ərazisində ən qədim insanların yaşayış məskəni sayılan Azıx mağarasının aşkar olunmasıdır.
Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azıx mağarasının tədqiqatçısı Məmmədəli Hüseynov haqlı olaraq yazırdı: “Azıxda öyrənilmiş çay daşı alətləri mədəniyyətləri, Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Eyni zamanda, alətlərin hazırlanmasında fərqli cəhətlər də vardır ki, bu da Azıxın alt təbəqələrindən aşkar olunmuş əmək alətlərini Quruçay mədəniyyəti adlandırmaq imkanı vermişdir… Quruçay mədəniyyətinin yaşı isə 2 milyon ildən də qədimlərə aid edilə bilər…”.
Beləliklə, bu iqtibas Qarabağın Azərbaycanın ən qədim yaşayış məskənlərindən olduğunu birmənalı şəkildə təsdiq edir. Digər bir vacib məqama da diqqət yetirməyi zəruri hesab edirik. Bu da Qarabağ etimologiyası ilə bağlıdır. Tədqiqatçıların əsas qənaətləri belədir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı dilimizdəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Bu söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir… “Qarabağ”, yəni “böyük bağ”, “sıx bağ”, “səfalı bağ” və s. mənları kəsb edir. Beləliklə, Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.Tarix boyu dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Qeyd etməliyik ki, Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” adı ilk mənbələrdə hələ 1300 il bundan əvvəl işlənmişdir. Mənbələrə istinadən demək olar ki, Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir…
Onu da qeyd edək ki, siyasi-coğrafi məkan olaraq, tarixdə indiki kimi “Dağlıq Qarabağ” deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini -- dağlarını, düzənlərini əhatə edən ümumi bir “Qarabağ” anlayışı olmuşdur. Lakin özlərini anlamaz yerinə qoyan ermənilər bilməlidirlər ki, “Dağlıq Qarabağ” ifadəsi sonrakı dövrlərin “məhsuludur”, separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır.
Azərbaycan xalqının ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri də məhz zəngin təbiətə malik Qarabağda yaranmışdır. Yazının əvvəlində bildirdiyimiz kimi, məskunlaşdırmadan sonra əsrlər boyu həmin torpağın sahibi olan insanların zəngin ədəbi-mədəni abidələri mövcud olduğundan yeni gələnlər mütləqdir ki, həmin nümunələri öyrənsinlər və az da olsa, özlərinin olanlarını həmin formaya uyğunlaşdıraraq mədəni səviyyəyə yaxınlaşdırsınlar. Bu, normal bir haldır. Lakin kiminsə doğma torpağında zorla məskun olan, sonra da həmin yurda yiyələnən millətin əvvəlki mənəvi sərvətə, milli dəyərlərə sahib çıxmağa cəhd göstərməsi özlüyündə qədim xalqın ərazilərinə təcavüzdən daha dəhşətlidir. Məhz ermənilərin bu cür cəhdləri onların Azərbaycanda məskunlaşdırılmasıından sonra tam çılpaqlığı ilə özünü büruzə vermişdir.
Fikrimizin təsdiqi üçün arxiv materiallarına nəzər salaq. Qafqaz tədris dairəsi idarəsinin 1882-ci ildə nəşr olunmuş mənbələrinin ikinci buraxılışında Azərbaycan dilinin əsas yerli danışıq dili olduğuna, adət-ənənələrinin, aşıq mahnılarının, bayatıların, laylaların azərbaycanlılara aid olduğu müəllif tərəfindən qısqanclıqla vurğulanır və burada məskunlaşdırılan ermənilərin də həmin nümunələrdən istifadə etdikləri bildirilir. Xatırladaq ki, həmin məqalə erməni ideologiyası ilə silahlanan rus ziyalısı tərəfindən yazılmışdır. Düzdür, müəllif ermənilər üçün xarakterik olan bir sıra xüsusiyyətləri də açıqlayır, biclik, yaltaqlıq, quyruq bulamaq, paxıllıq, başqa xalqlara inanmamaq kimi xüsusiyyətlərin onların təbiətlərindən gəldiyini söyləyir. Sadalanan mənfi keyfiyyətlərə görə isə dünyanın heç bir xalqının onlara etibar etmədiyi, inanmadığı bildirilir.
Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, müəllif sonradan erməni riyakarlığının qurbanına çevrilərək azərbaycanlılara aid olan ən qədim nümunələri, mətbəx mədəniyyətini və s. məsələləri erməniləşdirməyə can atır.
Zənnimcə, Azərbaycanın mənəvi sərvətlərinin bir qisminə bax, bu şəkildə erməni təcavüzü edilmişdir. Həmin proses eyni senari ilə S.Zelinskinin dırnaqarası “Erməni xalq aşığı Vartan Xoyskinin nəğməsi” (Vartan Xoyski Cənubi Azərbaycanın Xoy şəhərindən Azərbaycanda məskunlaşdırılan ermənilərdəndir – H.H.) adlı məqaləsində də davam etdirilir. Həmin məqalədə verilmiş nəğməni yazıya köçürən və rusca tərcümə edən isə İrəvan gimnaziyasının müəllimi idi. Müəllif yazının əvvəlində, sanki ermənilərə yas saxlayır, “tatarların” 400 illik hakimiyyəti altında əzilən ermənilərin guya bəzi ərazilərdə dillərini itirdiklərini, adət- ənənələrini unutduqlarını, Azərbaycan dilində danışmağa məcbur olduqlarını və s. vurğulayır…
Xatırladaq ki, tarixin müxtəlif dönəmlərində təcavüzlər, deformasiyalar baş versə də, Qarabağ xanlığının mövcudluğu ərzində həmin ərazidə məhdud sayda məskunlaşdırılan ermənilərə də azərbaycanlılarla bərabər eyni imtiyazlar verilmişdi. Lakin onlar bu imtiyazlardan gen-bol yararlanmaqla yanaşı, Azərbaycanın milli ədəbi-mədəni abidələrinə təcavüz etməkdən belə çəkinməmişlər.
Bu fəndgirliklər, hiyləgərliklər, xəyanətlər zaman-zaman erməni ziyalıları tərəfindən etiraf olunmuşdur. Erməni yalanını açan elə ermənilərin tanınmış nümayəndələrindən biri olan X.Abovyan yazmışdır ki, onlarda “bayatı deyilən bir şey olmayıb, biz bayatıları qonşularımız türklərdən götürmüşük”.
X.Abovyan bayatının çox gözəl, oynaq janr olduğunu, oxuyarkən insana misilsiz zövq verdiyini bildirmişdir. Erməni dilinin bayatının mənimsənilməsindən sonra çox şirinləşdiyini etiraf etmişdir. Azərbaycan türkcəsi haqqında danışan Abovyan bu dilin hər mənada zənginliyini də dilə gətirmişdir: “Ermənilərdə folklor nümunələri birbaşa türkcə ifadə olunur. Əvvəllər ermənilərdə ermənicə dastan danışmaq, şeir demək ənənəsi yox idi. Bunu da Azərbaycan türklərindən götürmüşük, ermənilər uzun dövr ərzində Azərbaycan dastanlarını elə türk dilindəcə söyləyiblər, yaddaşlarında yaşadıblar”.
XX əsrin əvvəllərində ermənilərin inkişafı barədə məlumat verən yazıçı V.Papazyan qeyd etmişdir: “Erməni xalqı cahil, savadsız, vəhşi və ilk öncə şüursuz idi. Onlar əsasən soyğunçuluq və quldurluqla məşqul olurdular. Ermənilər şimal vəhşiləri kimi ov hesabına yaşayırdılar”.
Eyni sözləri bir neçə əsr əvvəl Moisey Xorenasi də demişdir: “Qədim əcdadlarımızın bədbin xasiyyətini qınaq edərək xatırlamaya bilmərəm, amma burada onları məzəmmət edəcəyəm… İndi olduğu kimi, keçmişdə də qədim hayların elmə, şifahi ötürülən mahnılara həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır”.
Dilimiz, dini inanclarımız, ayinlərimiz, mərasimlərimiz, adət-ənənələrimiz və ədəbi-mədəni abidələrimizin tədqiqi deməyə əsas verir ki, azərbaycanlılar dünyanın ən qədim tarixə malik, böyük təkamül yolu keçən sivil mədəniyyət daşıyıcılarıdır. Bu, tam sübut olunmuş, təsdiqini tapmış reallıqdır. Saxta tarix yaratmağa çalışan ermənilər isə qarşıya qoyulan sübutların, dəlillərin önündə acizdirlər.
Habil HƏMİDOV,
AMEA Fəlsəfə İnstitutu müasir siyasətin fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru