“Göy quş” əsərinin müzakirəsi olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində Moris Meterlinkin “Göy quş” əsərinin müzakirəsi olub.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Heyran Əhmədova gənc nəsildə mütaliəyə marağı artırmaq, həm Azərbaycan ədəbiyyatı, həm də dünya ədəbiyyat nümunələrinin mütaliəyə təşviq edilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, eyni zamanda vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsinin əhəmiyyətindən danışıb.
Çıxışlarda qeyd edilib ki, belçikalı yazıçı, şair, esseçi, filosof, Moris Meterlink Nobel mükafatı laureatıdır. Onun bu mükafata layiq görülməsində uşaq nağılı kimi yazılan, nikbin ideyaları və ibrətamiz duyğuları aşılayan “Göy quş” pyesinin xüsusi rolu olub. Bu pyes Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilib və muxtar respublika tamaşaçılarına təqdim edilib.
Sonda əsərdən ədəbi-bədii kompozisiya təqdim edilib və şagirdlər əsər haqqında esse yazıblar.