Azərbaycanın Naxçıvan və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıblar - FOTOLAR

A- A A+

Aprelin 18-də Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə Bolqarıstanın tarixi və mənəvi paytaxtı olan Veliko-Tırnovo Şəhər Bələdiyyəsi arasında əməkdaşlıq və qardaşlaşma münasibətlərinin qurulması haqqında saziş imzalanıb. Sazişə əsasən Naxçıvan şəhəri ilə Veliko Tırnovo qardaşlaşmış şəhər elan olunub.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfiri xanım Nərgiz Qurbanova Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə Veliko Tırnovo şəhərində təşkil olunmuş “Azərbaycanın inciləri” adlı fotosərginin açılışında iştirak edib. Azərbaycanın Bolqarıstandakı səfirliyi və şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə paytaxt Bakı və Naxçıvan şəhərlərinin tarixini, mədəniyyət və turizm potensialını əks etdirən fotolar nümayiş olunub.

Nərgiz Qurbanova çıxış edərək deyib ki, 95 illik yubileyini qeyd edən Naxçıvan Muxtar Respublikasının paytaxtı qədim Naxçıvan şəhəri ilə qardaşlaşmış Veliko Tırnovoda sərginin təşkili rəmzi məna daşıyır. Naxçıvan şəhəri dünyada ilk insan məskənlərindəndir. Tarixi qaynaqlara görə şəhərin adı Nuh peyğəmbərlə bağlı olub, “Nuhçuvan” – “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” mənasını ifadə edir. Nuh peyğəmbərin qəbri də məhz Naxçıvan şəhərində yerləşir. Naxçıvan ərazisindəki arxeoloji qazıntılar zamanı əldə olunan materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr Naxçıvan şəhərinin 5 min ildən çox yaşı olduğunu sübut edir. Naxçıvan ümumbəşəri mənəvi sərvətlər xəzinəsinə əvəzsiz töhfələr bəxş edib. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il keçirilmiş 13-cü sessiyasında “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi bunu bir daha təsdiqləyir.

Səfər çərçivəsində Nərgiz Qurbanova Veliko Tırnovo vilayətinin qubernatoru Lubomira Popova, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və Veliko Tırnovo Universitetinin rektoru Xristo Bondjolov ilə görüşlər keçirib, Bakı Slavyan Universiteti ilə Veliko Tırnovo Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Mətbuat konfransında iştirak edən səfir ölkələrimiz arasındakı əlaqələr və həyata keçirilən layihələr, qarşılıqlı faydalı əməkdaşlıq və yenicə qurulmuş Naxçıvan-Veliko Tırnovo əlaqələrinin əhəmiyyəti barədə danışıb, jurnalistlərin suallarını cavablandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: