Dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu davam edir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Gənclər Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Heydər Əliyev kubokunun ikinci seçim mərhələsi keçirilib.
Naxçıvan şəhərində fəaliyyət göstərən dövlət təşkilatlarından 16 komandanın iştirak etdiyi oyun 2 seçim və final mərhələlərindən ibarətdir.
İkinci seçim mərhələsində “Mədəni irs” (Mədəniyyət Nazirliyi), “Rabitəçi” (Rabitə və Yeni Texnologiyalar Nazirliyi), “Nuh yurdu” (Naxçıvan Şəhər İcra Hakimiyyəti), “Ekoloqlar” (Ekologiya və Təbii Sərvətlər Nazirliyi), “Gənc statiklər” (Dövlət Statistika Komitəsi), “Legion” (Maliyyə Nazirliyi), “İqtisadçı” (İqtisadiyyat Nazirliyi), “Antiinhisar” (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) komandaları mübarizə aparıblar. İki yarım final mərhələsində keçirilən oyun “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olub. Yarımfinal mərhələlərində I və II yerlərə çıxmış komandalar final mərhələsinə vəsiqə qazanıblar. Belə ki, “Nuh yurdu” (Naxçıvan Şəhər İcra Hakimiyyəti), “Mədəni irs” (Mədəniyyət Nazirliyi), “İqtisadçı” (İqtisadiyyat Nazirliyi), “Antiinhisar” (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) komandaları final mərhələsində qalibiyyət uğrunda mübarizə aparacaqlar. 40 nəfər gənc dövlət qulluqçusunun iştirak etdiyi oyun Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, oyunun ilk seçim mərhələsi aprel ayının 19-da keçirilib. Final mərhələsi isə may ayının 7-də olacaq.