Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

A- A A+

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) nümayəndələri ilə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbul üzrə yeni təyin edilən rəhbəri Volkan Yılmaz arasında görüş keçirilib.

NUHÇIXAN xəbər verir ki, bu məqsədlə TADEF-in sədr müavini Pərviz Məmmədzadə və federasiyanın mətbuat katibi, İstanbul-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu MHP-nin İstanbul üzrə sədrliyini ziyarət ediblər.

Səmimi şəraitdə keçən görüşdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri və Türk dünyasının gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ziyarətdən məmnunluğunu ifadə edən Volkan Yılmaz bildirib: “Bir millət, iki dövlət” şüarı ilə formalaşan Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanın haqlı mübarizəsinin yanındayıq. Bu möhkəm qardaşlıq gələcəkdə də qətiyyətlə davam edəcək”.

Pərviz Məmmədzadə isə Türkiyə ilə Azərbaycan arasındakı dostluğun hər iki ölkənin ortaq tarixi və mədəni bağlarından güc aldığını vurğulayaraq, Türkiyənin Azərbaycana verdiyi dəstəyin hər zaman böyük əhəmiyyət daşıdığını qeyd edib.

Səfər Qaraqoyunlu da Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsində vətəndaş cəmiyyəti təşkilatlarının mühüm rol oynadığını vurğulayaraq, ortaq dəyərlər ətrafında həyata keçirilən fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyinə inamını ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: