Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Onların zəruri sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir.
NUHÇIXAN xəbər verir ki, bu məqsədlə, Uşaq Bərpa Mərkəzində və Əlillərin Bərpa Mərkəzində göstərilən xidmətlərin həcmi və keyfiyyəti daha da artırılır. Həmçinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərə protez-ortopedik xidmətlərinin göstərilməsi də daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki heyətinin iştiraki ilə səyyari xidmət təşkil edilib. Xidmət zamanı məhdud fiziki imkanlı şəxslərin 2 nəfərindən protez və ortez sifarişləri qəbul edilib, 2 nəfərin protezləri təmir edilib, 1 nəfərə isə köməkçi reabilitasiya vasitələri təqdim edilib.