“Qurtuluşun gücü” intellektual oyunu keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyunun 12-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Rəqəmsal könüllülərin birgə təşkilatçılığı əsasında Azərbaycan Respublikasının Milli Qurtuluş Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş “Qurtuluşun gücü” adlı intellektual oyun keçirilib.

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Əziz Hümbətzadə çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı tarixi əhəmiyyətindən, həmçinin Silahlı Qüvvələr Gününün ölkəmizin müdafiə qüdrətinin və hərbi gücünün təcəssümü olmasından bəhs edib. O, gənclərin intellektual inkişafına xidmət edən belə tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra intellektual oyun keçirilib. Yarışda “RİNN”, “Telekom” və “Poçt” komandaları iştirak edib. İki turdan ibarət oyunun yekun nəticələrinə əsasən “RİNN” komandası qalib gələrək diplom və hədiyyələrlə mükafatlandırılıb.

Tədbir çərçivəsində Nazirliyin könüllüsü Nurcan Hüseynova tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikasının İKT infrastrukturu” layihəsinin təqdimatı keçirilib. Təqdimat zamanı muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində formalaşdırılmış infrastruktur, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələr, əldə olunan nailiyyətlər və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

Daha sonra könüllülərin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, könüllülərə sertifikatlar təqdim edilib. Bununla da Nazirliyin “Rəqəmsal könüllülər” layihəsinin növbəti mərhələsi uğurla başa çatıb. Layihə iştirakçılarının əldə etdikləri bilik və bacarıqlar yüksək qiymətləndirilib.


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: