“Startap Naxçıvan” mövzusunda tələbələrlə görüş olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları “İdeyadan başlanğıca” devizi altında Müəllimlər İnstitutunun pedaqoji profilli ixtisaslarında təhsil alan tələbələrə “Startap Naxçıvan” mövzusunda maarifləndirici təlim keçib.

İnstitutun  prorektoru Azad Novruzov bildirib ki, ali təhsil ocağının riyaziyyat və informatika müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, təsviri incəsənət müəllimliyi ixtisasları Təhsil Nazirliyinin hamiliyinə verilib. Bununla bağlı indiyədək müxtəlif tədbirlər keçirilib və məzunlarımızın işlə təmin olunması diqqətdə saxlanılıb.

Tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbəri Rəşad Əlizadə deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib, Təhsil Nazirliyinə də müvafiq tapşırıqlar verilib. Verilmiş tapşırıqların icrası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən “Startap Naxçıvan” hərəkatı çərçivəsində təlimlərə başlanılıb, pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrlə keçiriləcək startap görüşlərin və stimullaşdırıcı tədbirlərin təşkili planlaşdırılıb, layihələrin qəbulunu həyata keçirmək, onları qiymətləndirmək məqsədilə ekspert qrupu yaradılıb.

Sonra Təhsil Nazirliyinin əməkdaşları Ayşən Əsgərova və Aygün Məmmədova “Startap nədir?”, “Startap layihələrinin hazırlanması və təqdimatı”, “Layihələrin ideyasının və  qısa təsvirinin verilməsi qaydaları” mövzularında tələbələrə maarifləndirici təlim keçiblər. Təlim zamanı tələbələrə bildirilib ki, yeni startapın yaranmasının əsas mənbəyi yaradıcı ideyadır. Yaxşı ideya kağız üzərində olsa belə (startapın planı) böyük bir dəyərə malik ola bilər. Startapın yaranması və onun uğuru üçün vacib olan daha bir amil isə həmin ideyaya bazarda potensial tələbatdır. Buna görə də yeni layihələr hazırlanarkən bu amillərə üstünlük verilməlidir.

Bildirilib ki, Təhsil Nazirliyi startapçı tələbələrlə mütəmadi maarifləndirici tədbirlər keçirəcək, onlara yeni ideyaların hazırlanması və təqdim olunmasında, eyni zamanda həmin ideyaların reallaşdırılmasında dəstək olacaq.

Sonda tələbələrin sualları cavablandırılıb, Naxçıvan televiziyasının hazırladığı “Startap layihələri və innovativ inkişaf” filminə baxış olub.

 

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: