Gələcəyin hüquqşünasları ilə startapların yaradılması müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq  ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib. Startapların yaradılması və istehsalatda tətbiqi məsələləri müzakirə olunub.

Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələrdən danışıb. Bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi kadr potensialının dəstəklənməsi ilə yanaşı, həm də gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının diqqətə alınması və ilkin startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.  Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən hüquqşunaslıq ixtisasının tələbələri istehsalat təcrübələrində yaxından iştirak edirlər. Bu gün  prokurorluq orqanlarında çalışanlar arasında universitetin məzunu olan gənc hüquqşünaslar da az deyil. Belə görüşlərin keçirilməsi, aparılan istehsalat təcrübələri onların nəzəriyyədə qazandıqlarını praktika ilə uyğunlaşdırmasına şərait yaradır.

Prokurorluğun təşkilat-analitik şöbəsinin rəisi, ədliyyə müşaviri Pərviz Zülfüqarov bildirib ki, hami təşkilatlar və təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına öz töhfəsini verir.   

Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi, ədliyyə müşaviri Faiq Səfərov və  Naxçıvan Muxtar Respublikası prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri Emil Abdullayev startap  layihələri və onların əhəmiyyətindən, prokurorluğun fəaliyyət istiqamətlərindən, inzibati xətalar haqqında qanunvericiliyin icrasına və tətbiqinə prokuror nəzarətinin həyata keçirilməsinin hüquqi əsaslarından danışıblar.

Naxçıvan Dövlət Universitetinin hüquq fənləri kafedrasının müdiri Qəhrəman Behbudov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Tələbələr startaplar və istintaq hərəkətləri ilə bağlı hazırlanan slaydlara baxıblar. Sonra onlar imtahan-informasiya sisteminin şəbəkə otağında prokurorluq işçilərinin bilik və peşə hazırlıqlarının yoxlanılmasının gedişini izləyib, imtahan-informasiya sistemi ilə yaxından tanış olublar. Prokurorluğun kriminalistik avtomaşını ilə tanışlıq da tələbələr üçün maraqlı olub.  

Sonda tələbələri maraqlandıran  suallar cavablandırılıb.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: