Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Tarix, Biologiya, Fizika-kimya, Ərəb və Fars dili ixtisasları AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya, Bioresurslar, Təbii Ehtiyatlar İnstitutları və Əlyazmalar Fonduna hamiliyə verilib. NUHÇIXAN xəbər verir ki, bununla bağlı Bölmədə tələbələrlə görüş keçirilib. Görüşdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Rəyasət Heyətinin qərarı ilə Ekspert qrupu yaradılıb. Qeyd olunub ki, bununla əlaqədar tələbələrlə müntəzəm görüşlər keçiriləcək, gələcəkdə bir mütəxəssis kimi formalaşmalarında bölmə əməkdaşları lazımi köməkliyi göstərəcəklər. Həmçinin “İdeyadan başlanğıca” devizi altında təhsil müəssisəsi ilə birgə yeni layihələr də həyata keçiriləcək.
Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbov, Təbii Ehtiyatlar İnstitutunun direktoru Əliəddin Abbasov, Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev və Əlyazmalar Fondunun direktoru Fərman Xəlilov tələbələri birgə əməkdaşlığa dəvət edib, aparılan tədqiqat işləri və yaradılan şərait barədə məlumat veriblər.
Tələbələr bölmənin Əlyazmalar Fondu və Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının fəaliyyəti ilə də tanış olublar.
Röyal Kərimov