Məlum olduğu kimi, Azərbaycanda milli elmi-pedaqoji fikir çoxəsrlik inkişaf yolu keçərək təkmilləşmiş və mərhələ-mərhələ yetkinləşərək bizim günlərə qədər gəlib çatmış, daha böyük gələcəyə doğru istiqamət almışdır. Qədim dövrün və orta əsrlərin klassik Şərq-müsəlman dini-fəlsəfi və poetik düşüncəsi milli ictimai-estetik baxışlar sisteminin möhkəm bünövrəsi və dayanıqlı təməlləri funksiyasını həyata keçirmişdir. Azərbaycan maarifçilik hərəkatı məhz həmin çoxəsrlik siyasi-ideoloji və ədəbi-fəlsəfi təlimlər üzərində formalaşaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Fikrimizcə, Azərbaycanın tarixi taleyində olduğu kimi, yeni dövr və müstəqillik dövrü inkişafında da klassik maarifçilik hərəkatı dalğasının böyük hərəkətverici rolu olmuşdur. Çünki XIX-XX əsrlərin meydana çıxardığı bütün axınların və cərəyanların içərisində ən uzunömürlüsü olan maarifçilik hərəkatı xalqımızın zamandan-zamana inkişafında davamlı rol oynamış, hər tarixi mərhələnin müasirləşmə və yeniləşmə proseslərində həlledici əhəmiyyətə malik olması ilə səciyyələnmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2019-cu il üzrə Tədbirlər Planına əsasən nəşr edilmiş “Pedaqoji fikir tarixindən” adlı kitab möhkəm klassik tarixi-ədəbi təməllər üzərində formalaşdırılaraq inkişaf etdirilən XIX əsr və XX əsrin əvvəllərinin maarifçilik hərəkatı dalğasının ölkəmizin və xalqımızın taleyində oynadığı müstəsna missiyanı bütün reallıqları və obyektiv gedişatı ilə əks etdirən qiymətli materiallar məcmuəsidir. Bu, indiyədək hər hansı bir sənətkar və ya maarif xadimi, yaxud ictimai-siyasi hadisə haqqında ayrı-ayrılıqda bəhs edilən problemləri tam halda, sistemli şəkildə əks etdirən əhəmiyyətli elmi-publisist icmallar məcmusu olan ümumiləşdirilmiş ciddi tədqiqat əsəridir.
Böyük bir hissəsini tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin təqdim etdiyi “Pedaqoji fikir tarixindən” adlanan elmi-publisist əsərlər XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri Rusiya və Azərbaycan maarifçi və ədəbi hərəkatının real gedişatını və inkişaf templərini əks etdirən zəngin materiallar toplusudur. Bu, xalqımızın və ölkəmizin tarixi taleyində böyük rolu olmuş klassik maarifçilik hərəkatının qızıl fondunu təşkil edən ümummilli ideallara geniş elmi baxışı mənalandıran dəyərli kitabdır. “Pedaqoji fikir tarixindən” adlanan kitabda həm görkəmli dövlət xadimlərinin, həm də böyük məktəb yaratmış klassik pedaqoqların, həmçinin Azərbaycan və rus yazıçılarının məktəb, təhsil, tərbiyə, dil, ədəbiyyat, mənəviyyatla əlaqədar baxışları sistemli şəkildə şərh edilmişdir. Kitab xalqımızın tarixi taleyində xüsusi rolu olmuş klassik maarifçilik hərəkatı ənənələrinə həm dövlətçilik baxımından olan münasibəti, həm də elmi-ədəbi cəhətdən dəyərləndirmələri özündə əks etdirir. Azərbaycan maarifçi-ədəbi fikrinin qiymətli səhifələrini və hikmətlər xəzinəsini oxuculara təqdim edən “Pedaqoji fikir tarixindən” kitabı, eyni zamanda Azərbaycan-Amerika və Azərbaycan-Rusiya maarifçi-pedaqoji əlaqələrini də yeni materiallarla zənginləşdirən mühüm mənbə kimi əhəmiyyətlidir. Bundan başqa, “Pedaqoji fikir tarixindən” adlı kitabda verilmiş materiallar Azərbaycan maarifçi fikrinin ümumdünya pedaqoji ideyaları ilə yüksək şəkildə səsləşdiyini, harmoniya təşkil etdiyini də nəzərə çarpdırır. Kitabda Amerika və Rusiya maarifçilik hərəkatından Azərbaycan ədəbi-pedaqoji fikrinin təqdimatına keçid o qədər tarazlaşdırılmış şəkildə qurulmuşdur ki, burada oxucu fərqli mədəniyyətlər arasındakı daxili-məntiqi bağlılığın, qarşılıqlı bir sistemin olduğunu görə bilir.
“Pedaqoji fikir tarixindən” kitabının ilk səhifəsində verilmiş “ABŞ-ın 16-cı Prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub” maarifçilik baxımından ayrılıqda mühüm əhəmiyyət kəsb etməklə bərabər, bütövlükdə, oxuculara təqdim olunan ədəbi-pedaqoji və dialektik materialların dərinmənalı bir epiqrafı təəssüratı yaradır. Cəmi bir vərəqlik məktub 286 səhifədən ibarət olan bir kitabın mükəmməl bir müqəddiməsidir. Eyni zamanda Avraam Linkolnun məktubu müasir gənclik üçün ibrətamiz bir kitabdır: “Hörmətli müəllim! …Ona (oğluna – İ.H.) öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir… Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin… Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha sərfəlidir… Öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma… Bacarsanız, kədərləndiyi zaman belə, necə gülə biləcəyini öyrədin ona… Əgər özünün haqlı olduğuna inanırsa, dimdik ayaqda qalıb mübarizə aparmağı öyrədin ona. …Qoyun səbirsiz olacaq qədər cəsarətə sahib olsun və qoyun cəsur olacaq qədər də səbirli olsun. Ona həmişə özünə inanmağı öyrədin. Bu yolla onun bəşəriyyətə inamı daimi olacaq”.
Kitabda dünyanın müxtəlif ölkələrinin görkəmli dövlət xadimlərinin, böyük yazıçıları və maarifçilərinin seçilmiş fikirlərinin aforizmlər səviyyəsində diqqətə çatdırılması Amerika Prezidentinin müdriklik dərslərini tamamlayır və daha da möhkəmləndirir. Türkiyə Cümhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün “Milləti yalnız və yalnız müəllimləri xilas edə bilər”, böyük hind yazıçısı, Nobel mükafatı laureatı Robindranat Taqorun “Təhsil bizim bütün çətinliklərimizin aradan qaldırılması üçün ən yaxşı vasitədir”, rus ədəbiyyatının klassiki Maksim Qorkinin “İnsanın azadlığa olan cəhdini intizamla birləşdirmək – budur əsas məsələ”, məşhur rus maarifçisi Konstantin Uşinskinin “Əgər tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu xoşbəxtlik üçün tərbiyə etməli” və sair kimi fikirləri təkcə ayrı-ayrı mövzular üzrə irəli sürülən tezisləri deyil, bütövlükdə, “Pedaqoji fikir tarixindən” kitabının və həmin kitabı nəşr edənlərin cəmiyyətə çatdırmaq istədikləri ideyaları bütün dolğunluğu ilə ifadə edir.
“Pedaqoji fikir tarixindən” kitabında görkəmli rus pedaqoqu, “Rusiya xalq məktəbi və elmi pedaqogikanın banisi” Konstantin Uşinskinin, Zaqafqaziyada pedaqoji fikrin inkişafında görkəmli yer tutan Aleksey Çernyayevskinin, “Hər uşaq bir dünyadır”, – deyən mahir pedaqoq Vasili Suxomlinskinin, istedadlı və fədakar tərbiyəçi Anton Makarenkonun həyatına və pedaqoji fəaliyyətlərinə, maarifçilik baxışlarına həsr olunmuş tədqiqatlar məktəb və təhsil, təlim və tərbiyə işinin nəzəriyyəsini və təcrübəsini bütün mahiyyəti və əsas konturları etibarilə meydana qoyur. Zəngin ədəbi-tarixi materiallar, dərin və əsaslı təhlil əsasında yazılmış “Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə” və “Pedaqogikada misligörünməmiş təcrübə” fəsilləri klassik maarifçiliyin gedişatının müasirlik işığında şərhini verən, ciddi elmi əhəmiyyətə malik olan qiymətli pedaqoji traktatlardır. Tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin təqdimatında böyük rus maarifçilərinin yığcam tərcümeyi-halları ilə birlikdə həm də konkret istiqamətlər üzrə səmərəli fəaliyyətləri, habelə pedaqoji ideyaları sistemli şəkildə oxuculara çatdırılır. Bir qədər publisist çalarları olan bu tədqiqatlar klassik rus maarifçi fikrinin tarixi oçerkləridir. Reyhan Mirzəzadənin təqdimatında ensiklopedik biliyə malik olan Konstantin Uşinskinin xalq pedaqogikasının əsaslarına çevrilən pedaqogika nəzəriyyəçiliyi və ilk dərsliklərin yaradılmasındakı xidmətləri, “Ürəyimi uşaqlara verirəm” kitabının müəllifi, Sosialist Əməyi Qəhrəmanı Vasili Suxomlinskinin əmək tərbiyəsi sahəsindəki fədakar xidmətləri, Anton Makarenkonun çətin tərbiyə olunan uşaqlarla işin metodikasına dair baxışları və həmin istiqamətdəki ibrətamiz işləri sanki oxunaqlı bir povest qədər təsirli şəkildə nəzərə çatdırılır. Bütün məqamlarda rus məktəb və pedaqogikasına həsr olunmuş materialların Azərbaycan maarifçilik hərəkatı ilə əlaqəli şəkildə təqdim olunması bu fonda milli pedaqoji mühitin aparıcı simalarının çoxcəhətli və fədakar fəaliyyətlərinin müqayisəli şəkildə təhlil edilib dəyərləndirilməsinə münbit şərait yaradır. Xüsusən Aleksey Osipoviç Çernyayevskidən bəhs edilərkən məşhur Qori Müəllimlər Seminariyasının görkəmli azərbaycanlı yetirmələrindən də geniş söz açılması ölkəmizin maarifçi mühitinin miqyasını təsəvvür etməyə işıq salır.
Böyük yazıçı Maksim Qorkinin ədəbi irsindən mütaliə ilə əlaqədar məqamların seçilib kitaba daxil edilməsi təkcə rus ədəbiyyatını və maarifçi əsərlərini deyil, ümumiyyətlə, oxumaq mədəniyyətinə yiyələnməyi təşviq edən çağırışlar kimi səslənir: “Bilik mənbəyi olan kitabı sevin, ancaq bilik bizi mənəviyyatca qüvvətli, namuslu, zəkalı adamlar, insanı səmimi surətdə sevməyi, onun əməyinə hörmət etməyi və onun fasiləsiz davam edən böyük əməyinin gözəl bəhrələrinə ürəkdən məftun olmağı bacaran adamlar edə bilər”. Maksim Qorkinin özündən sonrakı nəsillərin həyatında mühüm rol oynamış bu sözləri “Pedaqoji fikir tarixi”ndən bizim günlərə, hətta sabahkı gəncliyə də ərməğan edilən müdrik mesajlardır.
“Pedaqoji fikir tarixindən” kitabında Azərbaycan ədəbiyyatından və maarifçi fikrindən də çox qiymətli, ibrətamiz örnəklər seçilib oxuculara təqdim olunur. Bu, ilk növbədə, Azərbaycan maarifçi ədəbiyyatının hikmət xəzinəsini yeni nəsillərin üzünə açmağa xidmət edir. İkincisi, təqdim edilən bədii ədəbiyyat nümunələri, sadəcə, oxu materialı kimi yox, həm də tərbiyəvi dərslər səviyyəsində diqqətə çatdırılır. Üçüncüsü isə Azərbaycan ədəbiyyatı klassiklərindən seçilib kitaba daxil edilmiş şeirlər və məqalələr milli maarifçi fikrin konkret tarixi şəraitdəki inkişaf səviyyəsini, Rusiya maarifçiliyi ilə müqayisədəki yerini və əhəmiyyətini müəyyən etməyə imkan yaradır. Bütün bunlar isə, öz növbəsində, ədəbi-pedaqoji fikir tarixində Azərbaycan ziyalılığının yerini və miqyasını görməyə və göstərməyə əsas verir. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin “Maarif” adlı məqaləsindəki “məhz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik” sözləri “Pedaqoji fikir tarixindən” kitabının Azərbaycan fəsillərinin parolu kimi səslənir. Kitabda Məhəmməd Tağı Sidqinin “Nümuneyi-əxlaq”, “Töhfeyi-bənat, yaxud qızlara hədiyyə” dərsliklərindən seçilmiş sadə dildə yazılmış kiçik uşaq hekayələri cəlbedici məzmunu və anlaşıqlı ideyası ilə yeni nəsillərin qəlbinə və şüuruna təsir edə biləcək örnəklərdir. Məhəmməd Tağı Sidqinin bir qədər əvvəldə Konstantin Uşinskinin və Vasili Suxomlinskinin dərsliklərindən verilmiş maarifçi hekayələrlə səsləşən kiçik hekayələri mahiyyət etibarilə rus maarifçilərinin didaktik materiallarına bənzəsə də, Azərbaycan mühitinin koloritini, milli ruhunu ifadə etməsi ilə onlardan əsaslı surətdə fərqlənir. Məhəmməd Hinduşah Naxçıvani və Nəsirəddin Tusidən bəhs ediləndə də məsələnin həmin cəhətinə, yəni ölkə həyatına uyğunluğuna xüsusi diqqət yetirilmişdir. Bu yolla milli maarifçiliyin özünəməxsus siması və yüksək səviyyəsi, həmişə müasir səslənən çağırışları göz önünə gətirilmişdir. Məhəmməd Tağı Sidqinin XIX əsrin sonlarında Naxçıvanda “Məktəbi-Tərbiyə”nin şagirdləri üçün yazıb dərsliyə saldığı hekayədən gətirdiyimiz aşağıdakı parça müasir dövrün oxucusu üçün də eyni dərəcədə əhəmiyyətlidir: “Məktəb nədir? Məktəb bizim elm və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir. Elm və ədəb bir xəzinəyə bənzər ki, onun açarı məktəbdir. Bizləri nadanlıq zülmətindən qurtarıb nuri-mərifətə yetirən məktəbdir. ...Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır... Məktəb bir cismə bənzər ki, onun ruhu müəllimdir. Elmin ləzzətini anlayan şagirdə məktəb bir gülüstani-behcətdir. Amma tənbəl və qeyrətsiz uşaqlara məktəb bir zindani-əziyyətdir”.
Sadə dildə yazılmış anlaşıqlı məzmuna malik olan belə bir ibrətamiz maarifçi ideyalarına görə Məhəmməd Tağı Sidqinin “Nümuneyi-əxlaq” dərsliyi Konstantin Uşinskinin “Rodnoye slovo”, Aleksey Çernyayevskinin “Vətən dili” dərsliklərindən nəinki geri qalmır, hətta bir az da irəli gedir. Bu təkcə Məhəmməd Tağı Sidqinin yox, geniş mənada, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ədəbi-maarifçi fikrinin gəlib çatdığı zirvə idi. Eyni zamanda kitabda Nəriman Nərimanovdan gətirilmiş “Hər millət üçün tərəqqi qapısı məktəbdir və hər məktəbin tərəqqi tapmağı milli müəllimlərlə bağlıdır”, Hüseyn Caviddən verilmiş “Dilsiz bir millət yaşamaz, çabuq münqəriz (nəslikəsilmiş – İ.H) olur”, Həsən bəy Zərdabidən alınmış “Bir millətin ki, dili batdı, onda o millətin özü də batar” kimi maarifçi fikirlər Rusiyadakı Uşinskilərin ideyalarından heç də geridə qalan mülahizələr deyildir. Ümumiyyətlə, XIX əsrin ortalarından XX əsrin əvvəllərinə, sovet dövrünə qədərki mərhələdə Azərbaycan maarifçiliyinin gücü, enerjisi, işığı hesabına ölkəmiz və xalqımız qısa müddətdə böyük yol keçmişdir. Azərbaycanda milli maarifçiliyin bütün istiqamətlər üzrə yaranıb inkişaf etməsi, yəni ana dilində dünyəvi məktəblərin açılması, Nəriman Nərimanovun “böyüklər üçün məktəb” adlandırdığı milli teatrın yaranması və genişlənməsi, Azərbaycan mətbuatının – “Əkinçi”nin meydana çıxması, realist-demokratik ədəbiyyatın inkişafı gələcək böyük inkişafın möhkəm təməllərinin atılması ilə nəticələnmişdir. “Pedaqoji fikir tarixindən” kitabındakı Nəriman Nərimanovun “Müəllimlər ictimainə dair”, “Türk dilində yeni jurnal”, “Cümə söhbəti”, Hüseyn Cavidin “Naxçıvanda nə gördüm”, “Naxçıvana nə lazım?”, “Həsbi-hal”, Eynəli bəy Sultanovun “Zəmanə ədiblərindən nələr tələb etmək lazımdır”, “Azərbaycan atalar sözləri” məqalələrində səsləndirilən maarifçi ideyalar dövrün mühüm çağırışlarına çevrilərək yeni nəsilləri, bütövlükdə, Azərbaycan cəmiyyətini arxasınca aparmış, zəmanədən geriyə qalmağa qoymamışdır. Hazırkı müstəqillik dövründə dərinləşməkdə və genişlənməkdə davam edən milli-mənəvi özünüdərk proseslərində də klassik maarifçilik bir daha ictimai-mədəni mühitin carçısına çevrilərək cəmiyyətdə gedən proseslərə təkan verir. Bu cəhətdən “Pedaqoji fikir tarixindən” kitabının hazırlanıb nəşr edilməsi son dərəcə aktual və əhəmiyyətlidir.
Oxuculara təqdim edilən “Pedaqoji fikir tarixindən” kitabı XX əsrin Azərbaycançılıq ideyalarının müasirlərimizə çatdırılması ilə tamamlanır. Məhəmməd ağa Şahtaxtlının kitaba daxil edilmiş “Müsəlmanlarda məktəb həyatı” məqalələr silsiləsi dünyəvi məktəbin, milli maarifçiliyin və Azərbaycançılıq ideyalarının mükəmməl əks-sədasıdır. Məmməd Səid Ordubadinin “Ana dili” məqaləsi kitab boyu izlənilən milli-mənəvi oyanış və özünüdərk ideyasının düşünülmüş finalıdır.
Bütün bunlara görə “Pedaqoji fikir tarixindən” kitabı milli ədəbi-tarixi köklərdən və ənənələrdən müasir dövrə çağırış kimi səslənir.
Azərbaycan ədəbi-pedaqoji fikrindən örnəklərin şərhsiz, təhlilsiz verilməsi oxucudan milli maarifçiliyimizin miqyası və çağırışları haqqında müstəqil qərar qəbul etməyi və sərbəst nəticələr çıxarmağı tələb edir.
İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
“525-ci qəzet”
24 aprel 2019-cu il