Yusif Seyidovun 90 illiyi ilə bağlı elmi konfrans olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində  görkəmli dilçi alim, Əməkdar elm xadimi Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə elmi konfrans keçirilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun  direktoru Əbülfəz Quliyev Yusif Seyidovun  həyatı və  yaradıcılıq yolundan danışıb.

Qeyd edilib ki, dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın  müəllifidir. Bildirilib ki, Yusif Seyidov bir sıra məqalələrində, "Klassik Azərbaycan şairləri söz haqqında", "Yazıçı və dil", "Sözün şöhrəti", "Sözün hikməti" və başqa sanballı monoqrafiyalarında XI əsrdən başlayaraq müstəqillik dövrünə qədərki Azərbaycan yazıçılarının söz və sənət haqqında, dil və onun insan həyatında, cəmiyyətdə rolu, eləcə də əhəmiyyəti barədə fikirlərini toplayaraq sistemləşdirib.

Sonra İnstitutun  elmi  katibi,  filologiya üzrə  fəlsəfə  doktoru Zülfiyyə İsmayılın “Yusif Seyidov yaradıcılığında  ədəbi dil məsələləri”, Dilçilik şöbəsinin  müdiri, filologiya üzrə  fəlsəfə  doktoru Nuray Əliyevanın “XX əsr Azərbaycan  poeziyasının  dil  məsələləri Yusif Seyidovun  araşdırmalarında”, həmin institutun əməkdaşı Aysel Eminovanın “Yusif Seyidov xatirələrdə” mövzularındakı çıxışları dinlənilib.

Qeyd olunub ki, alim elmi məzmununa, metodiki mükəmməlliyinə görə qiymətli olan “Müasir Azərbaycan dili” dərsliyinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilmiş “Azərbaycan dili” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kimi ali məktəb dərsliklərinin də müəllifidir. Həmçinin “Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi”, “Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, “Ədəbi şəxsiyyət və dil” və başqa məqalələr, habelə “Nəsiminin dili” monoqrafiyası böyük alimin ciddi müşahidə və axtarışlarının məhsuludur.

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: