Komitədən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin hamiliyinə verilmiş “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrə “İnnovasiyalar və onların idarə edilməsi” mövzusunda təlim keçirilib. Tədbirdə Universitetin rektoru Saleh Məhərrəmov təlimin keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hamiliklə bağlı müvafiq sərəncamları ilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülən işlərdən və duran vəzifələrdən danışıb.
Qeyd olunub ki, Komitədə hər tədris ilinin əvvəlində hamiliklə əlaqədar iş planları təsdiq olunub. Tələbələrlə intensiv görüşlər keçirilib, tədrisə köməklik məqsədi ilə onlara dərsliklər, dərs vəsaitləri, elektron dərsliklər, müxtəlif məzmunlu xəritə materialları hədiyyə olunub. Komitənin mütəxəssisləri tərəfindən müvafiq fənlər ilboyu tədris olunub. Tələbələrin Komitənin bazasında praktiki məşğələlər keçmələri təmin edilib, geodeziya-ölçü avadanlıqlarından ilkin istifadə vərdişləri öyrədilib. Çöl şəraitində tələbələrin sınaq geodeziya ölçmələrində iştirakı təmin olunub. Yay tətili müddətində 3 tələbə 3 aylıq əmək müqaviləsi bağlanılmaqla ödənişli işlərə cəlb edilib.
Bildirilib ki, tələbələrlə əlaqələrin intensivliyini təmin etmək, yeni ideyaların formalaşdırılması, startapların yaradılması məqsədi ilə hər həftənin şənbə günü Komitədə “Startap günü” elan olunub.
Sonra Komitə Aparatının rəhbəri Nurlan Fətəliyev tərəfindən “İnnovasiyalar və onların idarə edilməsi” mövzusunda təlim keçirilib. Slayd vasitəsi ilə tələbələrə innovasiyalar, onların xüsusiyyətləri, təsnifatı, formalaşdırılma mərhələləri, innovasiya üçün ilkin şərtlər, startaplar haqqında ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.