Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Biznes Mərkəzində “Əməyin mühafizəsi” adlı rüblük elektron jurnalın təqdimatı keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov bildirib ki, muxtar respublikada ilk dəfə olaraq nəşr edilən və hazırlanması 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü ərəfəsinə təsadüf edən jurnal rübdə bir dəfə işıq üzü görəcək.
Jurnalda əmək qanunvericiliyi və bu sahədə digər normativ hüquqi aktlara dair maarifləndirici məqalələr yerləşdiriləcək, həmçinin “Sual-cavab” bölməsində işəgötürən və işçiləri maraqlandıran suallar cavablandırılacaq. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək qanunvericiliyinin tələblərinə əməl olunması və işçilərin əmək hüquqlarının qorunması sahəsindəki fəaliyyəti jurnalda öz əksini tapacaq.
Sonra çıxış edənlər Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Həmkarlar İttifaqları Şurasının və Səhiyyə Nazirliyinin nümayəndələri əməyin mühafizəsi sahəsindən görülmüş işlərdən danışıb, sözügedən nəşrin əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda, Sosial Könüllülük Akademiyasının üzvləri tərəfindən tədbir iştirakçılarına maarifləndirici bukletlər təqdim olunub.
Qeyd edək ki, jurnalın ilk nömrəsi artıq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytına yerləşdirilib.