Yaşadığımız əsrin ötən dövründə muxtar respublikamızda sosial-iqtisadi inkişaf səviyyəsinin davamlı olaraq yüksəlişi yeni imkanlar yaradıb. Kreativ əmək və innovasiyalardan səmərəli istifadə etməklə cəmiyyət həyatının bütün sahələri sürətlə yenilənib.
İqtisadi və sosial inkişafda innovasiya amilinin nəzərə alınması son illərdə qəbul edilən mühüm dövlət proqramları və sənədlərində aydın şəkildə ifadə olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edlmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadiyyatın innovasiyalı inkişafını nəzərdə tutan növbəti mühüm dövlət sənədidir. Proqramda investisiya və innovasiya fəallığının artırılması üçün tədbirlərin görülməsi, yeni texnologiyaların tətbiqi əsasında yerli iqtisadi potensialın gücləndirilməsi, innovativ təsərrüfatçılıq formalarının yaradılması prioritet vəzifələr kimi qarşıya qoyulub.
Muxtar respublikamızda iqtisadi və sosial sahələrdə innovasiyaların tətbiqinə hələ yeni əsrin əvvəllərindən başlanıb. İnnovasiyalar daha təkmil texnoloji proses yaradılması, bazara yeni məhsul çıxarılması, həmçinin sosial xidmətlərə yeni tərzdə yanaşma ilə ifadə olunur. Zaman keçdikcə bütün sahələrdə innovasiyaların artan sürətlə tətbiq olunması muxtar respublikanın sosial-iqtisadi inkişafının müasir mənzərəsini yaradıb. İqtisadiyyatımızın sahə strukturunda mütərəqqi dəyişikliklər, ənənəvi sahələrlə yanaşı texnoloji və elm tutumlu yeni sahələrin meydana gəlməsi, yeni məhsulların istehsalı, mövcud məhsulların yeni növ və modifikasiyalarda bazara çıxarılması ilbəil daha geniş miqyas alıb. İstehsala uzunmüddətli innovativ yanaşmanın nəticəsidir ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Sənayedə və kənd təsərrüfatında müasir texnologiyaların, yeni xammal növlərinin istehsala cəlb olunması texnoloji yönümlü innovasiyaların yayılmasını sürətləndirir.
Muxtar respublikanın bank və maliyyə sektorunda innovasiyaların tətbiqi geniş vüsət alıb. Ən müasir texnologiyaların istifadəsi diqqətdə saxlanılıb, nağdsız ödəniş sistemləri, elektron bankçılıq təşəkkül tapıb və inkişaf etdirilib. Maliyyə xidmətlərinə sürətli, asan və səmərəli çıxışı təmin edən yeni ödəmə texnologiyaları, bankomatlar, ödəniş terminalları istifadəyə verilib, sürətli pul köçürmələri imkanı yaradılıb.
Ticarətin daha müasir, yüksək rahatlığı və funksionallığı ilə seçilən supermarketlər, alış-veriş mərkəzləri, ixtisaslaşdırılmış satış şəbəkələri vasitəsilə həyata keçirilməsi təmin edilib. Muxtar respublikada müxtəlif yarmarkalarının və festivalların təşkili yerli məhsulların tanıdılmasına, ailə təsərrüfatlarında əmtəəlik istehsal və bazar təcrübəsinin inkişafına xidmət edən təşkilati innovasiyalardır. Ailə təsərrüfatları üçün müvafiq sahələr üzrə məsləhət və maarifləndimə xidmətlərinin təşkili, qablaşdırma, etiketlənmə, markalanma dəstəyinin göstərilməsi də bu qəbildən olan yeniliklər kimi diqqətəlayiqdir.
Elm və təhsil müəssisələrində yaradılan müasir informasiya-kommunikasiya infrastrukturunun interaktiv təhsil sisteminə qoşulması kadr hazırlığında yeni dövrün əsasını qoyub. Muxtar respublikanın informasiya-rabitə sistemi tamamilə yeni nəsil texnologiyalar əsasında qurulub, “Elektron hökumət” portalı vasitəsilə əhaliyə 300-ə yaxın elektron xidmətin göstərilməsi təmin edilib. Enerji təsərrüfatı smart texnologiyaların tətbiqi mərhələsinə yüksəlib. Muxtar respublikada istifadəyə verilmiş günəş elektrik stansiyaları dövrümüzün ən qabaqcıl innovasiya nümunəsidir.
Kənd yaşayış məntəqələrində əhalinin bütün zəruri xidmətləri eyni məkanda əldə etməyə imkan yaradan kənd və xidmət mərkəzləri, vətəndaşlara yaşadıqları ərazidə göstərilən səyyar xidmətlər, nümunəvi təsərrüfat və ailə təsərrüfatı layihələri, Ağbulaq turizm istirahət bölgəsi kimi muxtar respublikaya məxsus olan sosial və biznes yönümlü innovasiyalar orijinal ideyası və yüksək səmərəliliyi ilə seçilir.
Yeni layihələrin maliyyələşdirilməsi mexanizmlərinin inkişafı da diqqətdə saxlanılıb. Biznesə yeni başlayanlar (startap) və icra edilmiş layihələrin genişləndirilməsi üçün maliyyə resurslarına ehtiyacı olan sahibkarlara dövlət tərəfindən verilən güzəştli kreditlərin həcmi ilbəil artır. Eyni zamanda investisiya tələbatını ödəmək üçün sahibkarlara banklar tərəfindən əlverişli şərtlərlə, aşağı faiz dərəcələri ilə təklif olunan kreditlər münbit investisiya mühiti yaradıb.
Nüfuzlu “Caspian European Club”ın dəstəyi ilə hazırlanmış ölkəmizin iqtisadi regionlarının investisiya reytinqində 2017-2018-ci illərdə ardıcıl olaraq lider mövqeyə sahib olması Naxçıvan Muxtar Respublikasının investisiya və innovasiya cəlbediciliyinin daha bir ifadəsidir.
Sosial-iqtisadi, texniki və intellektual potensialın möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması istiqamətində aparılmış irimiqyaslı, kompleks və sistemli işlər innovasiyaların genişlənməsi üçün möhkəm baza yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı görülmüş işlərin davamı olaraq yüksək ixtisaslı kadr hazırlığı və innovasiyaların yaradılması istiqamədində yeni vəzifələr müəyyənləşdirir.
İrəli sürülən məqsədlər ali məktəblərin innovasiyalı inkişafın aktiv subyektlərinə çevrilməsini tələb edir. Əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsi, elmi araşdırmaların aparılması kimi ənənəvi istiqamətlərlə yanaşı, ali məktəblər innovativ ideyaların generasiyası funksiyasını da yerinə yetirməlidirlər. İnnovasiya layihələrinin məqsədyönlü axtarışı və reallaşdırılması, elmi nailiyyətlərin və yeni texnologiyaların sahibkarlıq strukturlarına ötürülməsi, investorlar üçün cəlbedici ola biləcək layihələrin hazırlanması, innovasiya fəaliyyətinin kadr təminatı qarşıda duran başlıca vəzifələr sırasındadır.
Yeni ideyaların yaradılması və startaplara çevrilməsi istiqamətində aktiv şəkildə fəaliyyət göstərmək üçün təhsil müəssisələrinin geniş maddi-texniki bazası və böyük elmi potensialı mövcuddur. Təhsildə və texnologiyalarda olan ən son nailiyyətlər auditoriyalarda tətbiq olunur. Bu potensialdan səmərəli istifadə etməklə ali məktəblərdə innovasiya mühitinin inkişafı kreativ düşüncəli yeni nəslin formalaşmasına ciddi təsir göstərəcəkdir. “Fikir fabriki” rolunu oynayan gənc nəslin yaradıcı potensialının startap layihələrinin hazırlanmasına səfərbər edilməsi gələcək mühəndislər, menecerlər, sahibkarlar ordusunun formalaşmasına aparan ən optimal vasitədir.
İnnovasiya fəallığının yüksəldilməsində, uğurlu startapların yaradılmasında muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri ilə yanaşı, hami təşkilatların da öhdəsinə mühüm vəzifələr düşür. İnnovasiyaların idarə olunmasında təhsil müəssisələrinin və hami təşkilatların balanslaşdırılmış əməkdaşlığının yaradılması tələbə-novatorların “Startap Naxçıvan” hərəkatının aktiv iştirakçısına çevrilməsinə xidmət edəcəkdir.
Hami təşkilatların təhsil müəssisələri ilə birlikdə “İdeyadan biznesə” devizi altında innovativ layihələrin həyata keçirilməsində iştirak etməsi, təqdim edilən layihələrin ekspert qrupları tərəfindən dəyərləndirilməsi onların praktik əhəmiyyətini yüksəldəcəkdir. Tələbələr müvafiq təşkilatlarda təlim keçmək, təcrübə almaq, ixtisas artırmaqla yanaşı, innovativ ideyaları təklif etmək, istifadə etmək və reallaşdırmaq imkanı qazanacaqlar. Eyni zamanda, innovasiya sferasında öz şəxsi biznesini yaratmaq üçün məsləhət və dəstək almaq, ideyalarını səmərəli biznes layihələrə yönəltmək kimi üstünlüklərdən yararlana biləcəklər.
Muxtar respublikada innovasiyaların stimullaşdırılması istiqamətində xeyli əvvəl başlayan və hazırda yeni müstəvidə davam etdirilən məqsədyönlü tədbirlər innovativ inkişafın yeni mərhələyə yüksəlməsinə təkan verəcəkdir.
Müslüm Cabbarzadə,
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin sədri