Rəssam-tələbələrin fərdi sərgisi açılıb - FOTOLAR
İnstitutun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və İncəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Mikayıl Rəcəbov və III kurs tələbəsi Fərhad Allahverdiyevin fərdi sərgisi açılıb. Sərgidə təbiət mənzərələri, portretlər, kompozisiyalardan ibarət 30-dan artıq əl işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.
Tədbirdə çıxış edən Naxçıvan Müəllimlər İntitutunun rektoru Elbrus İsayev ali təhsil müəssisəsində yaradılan yüksək şərait istedadlı tələbə-rəssamların fərdi sərgilərinin keçirilməsinə imkan verir.
Sonra İncəsənət kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılov hər iki tələbənin sərgidə nümayiş olunan əsərlərində mövzuların maraqla işləndiyini vurğulayıb. Rəngkarlıq və qrafika janrında çəkilən rəsmlər onların gələcəkdə yaxşı rəssam olacaqlarından xəbər verir. Bundan əvvəl də hər iki tələbə Rəssamlar Birliyinin təşkil etdiyi sərgilərdə yaxından iştirak edərək bir neçə dəfə I və II dərəcəli diplomlarla təltif olunublar.
Gənc rəssamların hər ikisi göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Rəsm əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Hər iki tələbə diplomla təltif edilib.