20 iyun tarixi BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş 4 dekabr 2000-ci il tarixli qətnaməyə əsasən ”Ümumdünya Qaçqınlar Günü” olaraq hər il Azərbaycanda da qeyd olunur. Bu tarixin təqvimdə əlamətdar gün olaraq təyin olunmasında məqsəd dünya ölkələrində qaçqınlıq həyatı yaşayan vətəndaşların baş verən müharibə və münaqişələr nəticəsində yaranan problemlərinin, keçdikləri ağır sınaqlarla dolu həyat yolunun unudulmaması və daim xatırlanmasına, onların hüquqlarının qorunmasının vacibliyinə yönəlmişdir.
Əfsuslar olsun ki, arzuolunmaz bu həyat tərzinin müəyyən bir qismini yaşamaq tarix boyu vətən sevgisi, yurd həsrəti ilə sınanan xalqımızın da payına düşmüşdür. Azərbaycan torpaqları istər yeraltı və yerüstü sərvətləri, mədəni və ticari əlaqələri, istərsə də yerləşdiyi strateji mövqeyi ilə daim qonşu dövlətlərin diqqət mərkəzində olmuşdur. Qədim Odlar yurdu xalqımızın əzmini qırmaq, torpaqlarımızın bütövlüyünü parçalamaq niyyətində olan yadellilər tərəfindən dəfələrlə hücumlara məruz qalmışdır. Soydaşlarımız həmin vandalizm siyasətinin ən dəhşətlisini isə XX əsrin sonlarından başlayaraq təcavüzkar Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş soyqrım siyasəti və törədilmiş cinayətlərin nəticəsində yaşamışdır. Hərbi təcavüzlər zamanı yüz minlərlə soydaşımız dədə-baba yurdlarından didərgin salınmış, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Lakin dövlətimiz tərəfindən həmin soydaşlarımızın yaşayış şəraiti yaxşılaşdırılmış, hüquqlarının qorunması yönündə tədbirlər görülmüş, sosial problemləri xüsusi diqqət və qayğı ilə əhatə olunmuşdur. Amma unutmaq olmaz ki, qaçqınlıq təkcə yaşadığı məkanı itirmək demək deyil, uşaqlığını, gəncliyini, xatirələrini geridə qoymaq deməkdir. Doğmalarından, yurd-yuvasından ayrı düşmüş hər bir qaçqının ürəyi arzu etdiyi, lakin yaşaya bilmədiyi ötən günlərdə, gözləri isə el-obasına uzanan yollarda qalır. Bu nisgilli həyatlar mənəviyyat baxımından son mənzilədək yarım qalmış hesab olunur. Baş verdiyi tarixdə yaşamış, yazıb-yaratmış qələm əhlindən, sənət aləmindən asılı olaraq həmin həyatlar zamanla bir əsərin baş qəhrəmanına çevrilmişdir. Keçmişimizi unutdurmayan qiymətli fakt olaraq dəyərləndirilən həmin əsərlər tarixi sənəd kimi bu gün də böyük əhəmiyyət kəsb edir.
Baş verən faciəli hadisələr əsasında əyani salnamə yaratmış şəxsiyyətlərdən biri məhz imza atdığı yeniliklərlə adını Azərbaycan rəssamlıq sənətinə qızıl hərflərlə yazdıran Bəhruz bəy Kəngərlidir. 30 illik qısa ömrünün cəmi 7 ilini yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş rəssamın yaşadığı dövr Azərbaycanda qeyri sabit ictimai-siyasi illərə təsadüf etmişdir. Belə ki, Bəhruz Kəngərli xalqımıza qarşı törədilmiş amansızlığın və vəhşiliyin, milli dəyərlərimizi özündə yaşadan tarix və mədəniyyət abidələrimizin viran edilməsinin şahidi olmuşdur. Bir dövlətin süqutuna, bir xalqın tənəzzülünə səbəb olan əsas amillərdən biri onun tarixi və mədəni tikililərinə vurulan zərbələrdir. Düşmən milli irsinə sadiq olan Azərbaycan xalqının həssaslığına yaxşı bələd olduğu üçün hücumlar zamanı mədəni irs nümunələrimizi də hədəf almış, dağıntılara məruz qoymuşdur ki, bu mövzu da zamanla rəssamın yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən bir sahəyə çevrilmişdir. Mənfur ermənilər tərəfindən həyata keçirilmiş hücumlar zamanı soydaşlarımızın hələ XX əsrin əvvəllərində – 1918-1921-ci illərdə indiki Ermənistan adlandırılan, lakin əzəli Azərbaycan torpaqları olan Qərbi Azərbaycandan didərgin düşərək Naxçıvana gəlməsindən və məcburən burada məskunlaşmasından təsirlənən rəssam qaçqınlara yardım əlini uzatmaqdan çəkinməmiş, həmçinin onların portretlərini işləmişdir. Qorxu və işgəncə nişanənələrinin aydın şəkildə göründüyü simaların təsvir olunduğu bu portretlərin hər biri erməni vəhşətini özündə daşıyan bir sənət nümunəsi olmaqla yanaşı, həm də özündən sonrakı nəsillərin yaddaşına həkk olunan tarixi faktdır. Realist rəssamın “Qaçqınlar” silsilə əsərlərini təşkil edən 30-a yaxın portretlərdə ustalıqla təsvir edilmiş qaçqınların arzu-istəkləri sanki gözlərindən oxunur. Qəhrəmanların baxışlarında sönmüş ocaqların tüstüsü, yarım qalmış ömrün qəlbdəki ağrısı, yenidən Vətənə qayıtmaq arzusu hiss olunur. “Yaylıqlı qız”, “Qaçqın İmran çanta ilə”, “Qaçqın oğlanın portreti”, “Gənc qadının portreti” adlı sənət nümunələrində Bəhruz bəy Kəngərli Naxçıvanda qarşılaşdığı qaçqın uşaqların bədii vasitələrlə yaddaqalan obrazlarını yaratmağa nail olmuşdur. “Qaçqın qadın”, “Əyləşmiş qaçqın oğlan”, “Ayaqyalın qadın”, “Qırmızı arxalıqlı qız”, “İki qaçqın qız” kimi tablolarda üst-başı nimdaş, geyimi pərakəndə olan qaçqınların çöhrəsindəki narahat nəzərlər faciənin istiliyinin, qaysaq bağlamamış yaralı qəlblərin alovunun boyalarla təcəssümüdür. Bəhruz bəyin “Avşar kəndindən qaçqın qız Cümsün”, “Canfədalı kəndindən qaçqın oğlan” adlı bahabiçilməz tarixi dəyərə malik olan sənət nümunələrində psixoloji sarsıntı keçirən qaçqınların ifadəsində dərin kədər, doğma yurda qayıdış ümidi aydın hiss olunur. Rəssam sehrli fırçasının gücü ilə bu insanların yalnız zahiri görkəmini deyil, talelərinə həkk olunmuş faciəni də ustalıqla canlandırmışdır. Həmin əsərlər özündə bir xalqın sarsılmaz iradəsini yaşadır. Bəhruz Kəngərlinin təsvir etdiyi qaçqın obrazları təkcə bir dönəmin deyil, bütövlükdə insanlığın üzləşdiyi məcburi köçkünlük və yurd həsrəti kimi acı həqiqətlərin bədii salnaməsidir desək yanılmarıq. Realist rəssamın “Qaçqınlar” silsiləsi Azərbaycan təsviri sənətinin ən qiymətli nümunələrindən biri olmaqla yanaşı, gələcək nəsillərə ötürülən tarixi yaddaşdır. Hər portret didərgin talenin səssiz harayı, hər baxış yaddaşlarda iz buraxan tarixdir.
1921-ci ilə aid “Qaçqınlar arabada” adlı əsəri ilə yurd-yuvasını itirmiş soydaşlarımızın Naxçıvana gəlişini təsvir edən gənc rəssam şahid olduğu ağrılı hadisələrin həmin əsrin sonlarında daha faciəli şəkildə baş verəcəyindən xəbərsiz olsa da, bu tablo ilə sanki qaçqınların arxasınca uzanan ucsuz-bucaqsız yolların onları inam və ümidlə böyük qayıdışa – Zəngəzura aparacağını rənglərin dili ilə ifadə etmişdir. İnanırıq ki, zamanı gəldiyində Azərbaycan rəssamlığında silinməz izlər qoyan Bəhruz bəy Kəngərli həyatda olmasa da, onun yaradıcılıq yolunun layiqli davamçıları həmin tabloya yeni nəfəs verərək bu dəfə əlində üçrəngli bayraqlarla Zəngəzur mahalına doğru yol alan qərbi azərbaycanlıları təsvir edəcəkdirlər.
Türkay Məmmədli,
Bəhruz Kəngərli Muzeyinin kiçik elmi işçisi
