AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Bölmədə “İslamda müdrik kəlamlar” kitabının müzakirəsi keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsi “İslamda müdrik kəlamlar” kitabını nəşrə hazırlayıb. Maraqlı tərtib edilən kitab az bir zamanda geniş oxucu marağı qazanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na salınıb.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli isə bildirib ki, 7 bölümdən ibarət olan kitabda 242 müdrik kəlam öz əksini tapıb. Nəşrdə elm və təhsil əlaqələri, ana və ataya hörmət, ədəb qaydaları, dostluq və tərbiyə, əxlaq və xeyirxah əməllər, ailə münasibətləri, idarəetmə və ədalət, Vətən və şəhidliklə bağlı müdrik kəlamlar yer alıb.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri Emin Şıxəliyev və Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri İlhami Əliyev çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.